AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan Özbəkistan – qardaşlıqdan müttəfiqliyə

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin yüksək inkişaf səviyyəsini və gələcək perspektivlərini bir daha nümayiş etdirib.

Azərbaycan və Özbəkistan arasında əlaqələrin əsasında ortaq tarix, dil, mədəniyyət, mənəvi dəyərlər və xalqlarımızın əsrlər boyu formalaşmış qarşılıqlı rəğbəti dayanır. Son illərdə bu möhkəm təməl üzərində qurulan münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq və qarşılıqlı etimad dövlətlərarası əlaqələrin inkişafında mühüm rol oynayır. Qarşılıqlı dövlət səfərləri, Ali Dövlətlərarası Şuranın fəaliyyəti və imzalanmış mühüm sənədlər iki ölkənin siyasi əməkdaşlığını daha da möhkəmləndirib.

İqtisadi-ticari əlaqələr də sürətlə inkişaf edir. 2025-ci ildə ticarət dövriyyəsinin 795 milyon dollara çatması, qarşılıqlı investisiyaların və birgə istehsal layihələrinin artması iqtisadi tərəfdaşlığın geniş miqyasını göstərir. Energetika, yaşıl enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı və sənaye sahələrində həyata keçirilən layihələr yeni əməkdaşlıq imkanları yaradır. Mədəni-humanitar əlaqələr isə Azərbaycan və Özbəkistan xalqlarını daha da yaxınlaşdıran mühüm amildir. Qarşılıqlı Mədəniyyət Günləri, təhsil proqramları, media və QHT forumları, qardaşlaşmış şəhərlər və Füzulidə Mirzə Uluqbəy adına məktəb kimi layihələr dostluq və qardaşlığın real ifadəsidir.

Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatı çərçivəsində də Türk dünyasının birliyinin və inteqrasiyasının gücləndirilməsinə mühüm töhfələr verir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu qoşulması isə regionlararası əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır.

Azərbaycan Özbəkistan qardaşlığı artıq tarixin formalaşdırdığı mənəvi bağlardan müasir dövrün strateji müttəfiqliyinə çevrilən yol və bu yol üzərində qurulan möhkəm təməlli əməkdaşlıq əlaqələri gələcək nəsillər üçün həmrəyliyin, qarşılıqlı etimadın və sarsılmaz dostluğun parlaq nümunəsidir.

Bütün bunlar göstərir ki, Azərbaycan Özbəkistan münasibətləri yalnız iki dövlət arasında əməkdaşlıq deyil, ortaq tarixə və mənəvi dəyərlərə söykənən möhkəm qardaşlıq nümunəsidir. Bu qardaşlıq və müttəfiqlik bundan sonra da xalqlarımızın rifahına, Türk dünyasının birliyinə, regionda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək.

Yeganə Abbasova,
YAP Nizami rayon təşkilatı “Bəhruz Buriyev küçəsi, 10a” ərazi partiya təşkilatının sədr müavini, Nizami Bələdiyyəsinin sədr müavini

Oxşar Xəbərlər

Back to top button