
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri (23 avqust 2026-cı il) iki ölkə arasındakı strateji müttəfiqlik münasibətlərinin inkişafında yeni və mühüm mərhələ açdı. Daşkənddə keçirilən yüksək səviyyəli görüşlər, üçüncü Ali Dövlətlərarası Şuranın iclası və dövlət başçılarının mətbuata verdikləri birgə bəyanatlar Azərbaycan-Özbəkistan əməkdaşlığının coğrafiyasını və dərinliyini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Prezidenti İlham Əliyev: “Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra əməkdaşlığın coğrafiyası genişlənib.
Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır.”
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev: “Azərbaycan Prezidentinin Özbəkistana hazırkı dövlət səfəri mübaliğəsiz tarixi əhəmiyyət daşıyır. Biz bu barədə bu gün dəfələrlə danışdıq, çünki imzaladığımız bütün sənədlər, razılaşdığımız bütün məsələlər ikitərəfli əməkdaşlıq üçün tarixi hadisələrdir. Bu gün biz Əbədi dostluq haqqında Müqavilə imzaladıq. Təsəvvür edirsinizmi, regionlar, biznes, hökumətlər və parlamentlərarası əlaqələr artıq nə qədər yüksək səviyyəyə çatıb. Bu, sadəcə bir sənəd deyil, qarşılıqlı əlaqələri dərinləşdirmək, əməkdaşlıq imkanlarını genişləndirmək və ümumi gələcək qurmaq istiqamətində birgə istəyimizin əksidir.”
Daşkənddən dünyaya verilən əsas mesajlardan biri iki ölkə arasındakı əlaqələrin keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlməsi oldu. Prezident İlham Əliyev və Özbəkistan lideri Şavkat Mirziyoyev münasibətlərin həm mənəvi, həm də maddi təməllər üzərində qurulduğunu vurğuladılar.
Bu yanaşma Türk dünyasında inteqrasiya proseslərinə və bütövlükdə Avrasiya məkanında sabitliyə verilən mühüm töhfə kimi qiymətləndirilir.
Səfər zamanı tərəflərin konkret fəaliyyət planına malik olduğu və hər bir layihənin real məzmunla zənginləşdirildiyi diqqətə çatdırıldı. Birgə İnvestisiya Fondunun uğurlu fəaliyyəti, sənaye kooperasiyası, avtomobilqayırma və turizm infrastrukturu sahəsində atılan addımlar iqtisadi əməkdaşlığın həcmini milyardlarla dollar dəyərində layihələrə çatdırıb.
Daşkənddən dünyaya baxış kontekstində nəqliyyat və logistika imkanlarının şaxələndirilməsi xüsusi yer tutdu. Azərbaycanın malik olduğu müasir nəqliyyat-tranzit infrastrukturu və Xəzər dənizinin imkanları Mərkəzi Asiya ölkələrinin, o cümlədən Özbəkistanın dünya bazarlarına çıxışı üçün strateji körpü rolunu oynayır. Orta Dəhliz çərçivəsində yükdaşımaların artırılması və tariflərin optimallaşdırılması istiqamətində ortaq addımların atılması qərara alındı.
Səfərin rəsmi hissəsindən əlavə, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Daşkənddəki Heydər Əliyev meydanını ziyarət etməsi, xalqlarımız arasında mövcud olan səmimi və qardaşlıq münasibətlərinin rəmzi oldu. Mədəniyyət, təhsil və gənclər siyasəti sahələrində həyata keçirilən tədbirlər dövlətlərarası münasibətlərin xalqların qəlbində dərin kök saldığını göstərir.
Məmmədzadə Eldar,
Nizami rayonunun fəal gənci, ADA-nın tələbəsi



