AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan-Özbəkistan Strateji Tərəfdaşlığı və regional geopolitika

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə (ÖzA) verdiyi müsahibə iki ölkə arasında mövcud olan yüksək səviyyəli diplomatik, iqtisadi və mədəni əlaqələrin dərinliyini, eyni zamanda regional inteqrasiya proseslərindəki birgə rolu nümayiş etdirən mühüm siyasi sənəddir. Müsahibə təkcə ikitərəfli münasibətlərin cari vəziyyətini deyil, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində artan əməkdaşlığı və Cənubi Qafqaz ilə Mərkəzi Asiya regionları arasında formalaşan yeni geostrateji reallıqları əhatə edir.

Müsahibədə Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin artıq müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırmışdır. İki ölkə liderlərinin qarşılıqlı səfərlərinin və imzalanan Strateji Tərəfdaşlığın Dərinləşdirilməsi üz barədə bəyannamələrin bu prosesdə həlledici rol oynadığı qeyd olunur.

BMT, Türk Dövlətləri Təşkilatı (TDT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı çərçivəsində iki dövlətin bir-birinin suverenliyini və ərazi bütövlüyünü ardıcıl olaraq dəstəkləməsi ikitərəfli etimadın əsas sütunu kimi müsahibədə xüsusi olaraq göstərilmişdir.

Müsahibədə son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin sürətlə artması xüsusi qiymətləndirilmiş, enerji, sənaye, kənd təsərrüfatı və tekstil sahələrində birgə layihələrin icrasının vacibliyi bildirilmiş, Azərbaycan-Özbəkistan Birgə İnvestisiya Fondunun fəaliyyətə başlaması iqtisadi layihələrin maliyyələşdirilməsi və özəl sektorun dəstəklənməsi baxımından strateji bir addım kimi səciyyələndirilmişdir.

Özbəkistanda Azərbaycan kapitalı ilə, Azərbaycanda isə Özbəkistan investisiyaları ilə həyata keçirilən sənaye kooperasiyası layihələri (xüsusilə maşınqayırma və tekstil sektoru) konkret uğur nümunəsi kimi təqdim olunur.

Müsahibədə həmçinin Mərkəzi Asiya və Cənubi Qafqazın nəqliyyat şbəkələrinin inteqrasiyası prioritet məsələ kimi qoyulmuşdur. Bakı-Tbilisi-Qars dəmir yolu lineyası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanları çərçivəsində Özbəkistan yüklərinin Avropaya və əks istiqamətə tranzitinin həcminin artırılması müzakirə mövzusu olmuşdur.

Regionun yeni nəqliyyat arteriyası olacaq Zəngəzur dəhlizinin açılmasının bütün Türk dünyası, o cümlədən Mərkəzi Asiya dövlətləri üçün yaradacağı əlavə loqistik üstünlüklər diqqətə çatdırılmışdır.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının güclənməsində Azərbaycan və Özbəkistanın birgə səylərini yüksək qiymətləndirmişdir. Türk dünyasında mədəni, iqtisadi və təhlükəsizlik sahələrində inteqrasiyanın sürətlənməsi 21-ci əsrdə regionun qlobal güc mərkəzinə çevrilməsi üçün əsas şərtdir.

Müsahibədə Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin təşəbbüsü ilə Füzuli şəhərində inşas olunmuş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb qardaşlıq və həmrəyliyin rəmzi kimi xüsusi vurğulanmışdır. Azərbaycan xalqının bu dəstəyi yüksək qiymətləndirdiyi bildirilməşdir. İki ölkənin ortaq tarixi, dili, dini və mədəni kökləri fonunda Mədəniyyət Günlərinin keçirilməsi, təhsil və elm sahəsində mübadilələrin artırılması vacib istiqamət kimi qeyd edilmişdir.

Prezident İlham Əliyevin ÖzA-ya müsahibəsi Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın yalnız ikitərəfli çərçivədə deyil, həm də böyük Avrasiya məkanında sabitlik, təhlükəsizlik və iqtisadi inkişafın mühüm drayveri olduğunu növbəti dəfə sübut edir.

Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı

Oxşar Xəbərlər

Back to top button