GündəmSiyasət

Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ – TƏHLİL

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

Aktualinfo Media Qrup  AZƏRTAC-a istinadən xəbər verir ki, muxtar respublikanın kompleks inkişafı, idarəetmədə keyfiyyətcə yeni mərhələyə keçid və bölgənin strateji rolunun artırılması baxımından növbəti mühüm addım olan bu səfər Ümummilli Lider Heydər Əliyevin Naxçıvanla bağlı xüsusi xəttinin məntiqi davamıdır.

Dövlətimizin başçısı Naxçıvanın sosial-iqtisadi yüksəlişini və ölkənin ümumi inkişaf sisteminə tam inteqrasiyasını hər zaman diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyev indiyədək Naxçıvan Muxtar Respublikasına 16 dəfə səfər edib. Bu səfərlər çərçivəsində çoxsaylı sosial, iqtisadi və infrastruktur obyektlərinin açılışında iştirak edib, bölgənin gələcək inkişafı ilə bağlı mühüm tapşırıqlar verib.

İdarəetmədəki yeniliklər

Naxçıvanda idarəetmədəki genişmiqyaslı yenilənmə həmin yanaşmanın tərkib hissəsi kimi yeni çağırışların icrasıdır. Bu, eyni zamanda, muxtar respublikanın Cənubi Qafqazdakı yeni reallıqlar fonunda mühüm transformasiyadan keçdiyinin indikatoru kimi çıxış edir. Yeniliklər regionun iqtisadiyyat, sosial sfera və infrastrukturunun inkişafı ilə məhdudlaşmır. Dövlət idarəetməsinin müasir tələblər əsasında təkmilləşdirilməsi fonunda Naxçıvanda idarəetmə modelinə gətirilən yeniliklər mühüm istiqamətlərdən birini təşkil edir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2026-cı il 10 mart tarixində Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Konstitusiya Qanununu təsdiqləyib və həmin Qanunun tətbiqi ilə bağlı Sərəncam imzalayıb.

Konstitusion islahatlar yeni idarəetmə modelinin hüquqi əsaslarını formalaşdırıb. Qəbul edilmiş dəyişikliklər Naxçıvan Muxtar Respublikasında idarəetmə strukturunun yenilənməsi və səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi baxımından mühüm müddəaları ehtiva edir.

Naxçıvan regionda yeni qovşaq kimi

Prezident İlham Əliyevin Naxçıvana son səfəri bu yanaşmaların daha da təkmilləşdirilməsi, həmçinin Cənubi Qafqazda Azərbaycanın liderliyi və təşəbbüsləri ilə formalaşmış reallıqlar baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu reallıqlara nəqliyyat-kommunikasiya xəritəsinə yenisinin – Zəngəzur dəhlizinin (TRIPP marşrutu) əlavə olunması fonunda Şərq–Qərb əlaqələrinin genişlənməsi daxildir. Naxçıvan isə həmin strateji xəttin mərkəzində qərarlaşır.

Çünki Naxçıvan Muxtar Respublikası strateji coğrafi mövqeyə malikdir və bu regionla Azərbaycanın əsas ərazisini birləşdirən mühüm nəqliyyat qovşağıdır. Bu baxımdan, regional kommunikasiyaların açılması, eləcə də Türkiyə və İranla sıx əlaqələr Naxçıvanın iqtisadi-ticari mərkəzə çevrilməsini prioritetə çevirir.

Bu, Avrasiyanın geostrateji xəritəsini dəyişən mühüm amildir. Çünki Naxçıvan iki beynəlxalq nəqliyyat dəhlizinin – Şərq-Qərb və Şimal-Cənub xətlərinin qovuşuğunda yerləşərək, onların koordinasiyasını təmin edəcək imkanlara malik olacaq. Bu baxış TRIPP marşrutunun şaxələndirilməsi üçün də perspektiv açır. Bütün bu amillərin reallaşması gələcəkdə Azərbaycan üçün mühüm iqtisadi faydalar gətirəcək:

– İndiyədək əsas ticarət yolları, logistika xətləri Gürcüstandan keçirdisə, gələcəkdə həmin istiqamətlər Naxçıvana da yönələcək. Bu, İran, Türkiyə və Ermənistanla sərhəddə yerləşən Naxçıvanın əlavə 200 milyon dollarlıq bazara çıxışı deməkdir.

– Tarixən Yaxın Şərqə gedən yollar yenidən Naxçıvandan keçəcək. Bu, Mərkəzi Asiya ilə Avropanı birləşdirən, 15 milyon ton yükaşırma gücü olan dəhlizə çevrilmək perspektivi yaradır.

– Naxçıvanın enerji sahəsində xarici asılılıqdan xilas olaraq özünü təmin etməsi və potensial ixracatçı statusu qazanması mümkündür. Bərpa olunan mənbələrin xüsusi çəkisi, müasir infrastruktur və vahid şəbəkəyə inteqrasiya muxtar respublikanın dayanıqlı enerji təhlükəsizliyini şərtləndirir. Bu amillər, həmçinin regionun enerji qovşağına çevrilməsi və “yaşıl enerji” ixracı potensialının reallaşdırılması üçün zəmin yaradır.

Nəticə

Beynəlxalq təhlükəsizlik sisteminin və hüquq normalarının ciddi təzyiqlərə məruz qaldığı bir zamanda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanla müharibədə və diplomatik masada əldə olunan Zəfər doktrinasını uğurla tətbiq edir. Bu yanaşma Naxçıvanın strateji rolunu Zəngəzur dəhlizinin reallıqları ilə tamamlayır.

Bir sözlə, Konstitusiya islahatları Naxçıvanın mərkəzi dövlət idarəçiliyinə inteqrasiyasını təmin etməklə idarəetmədə təkmil koordinasiya yaradır. Yeni model çərçivəsində səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi muxtar respublikaya birbaşa investisiya axınını sürətləndirərək, iqtisadi və sosial infrastruktur layihələrinin icrasını daha səmərəli edəcək. Bu hüquqi və struktur yenilənmələri Naxçıvanı Cənubi Qafqazın yeni geosiyasi və logistik reallıqlarında regional iqtisadi mərkəzə çevrilməsini şərtləndirəcək.

Oxşar Xəbərlər

Back to top button