AnalitikaGündəmSosial

1 Avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü: Milli – Mənəvi Kimliyimizin Sütunu – Azərbaycan Dilinə Dövlət Qayğısının Tarixi Missiyası

1 avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü xalqımızın milli azadlıq, müstəqilik və özünüdərk tarixinin ən şərəfli səhifələrindən biridir. Dil hər bir millətin varlığının, onun tarixi yaddaşının və mədəniyyətinin əsas daşıyıcısı, milli kimliyinin baş sütunudur. Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi və latın qrafikalı əlifbamızın bərpası birbaşa uzaqgörən dahi lider Heydər Əliyevin həyata keçirdiyi köklü islahatların nəticəsidir.

Əlifba məsələsi hər bir dövrün mədəni inkişafı və tərəqqisi üçün zəruri sayılıb. Bununla belə, tarixdə Azərbaycanın mədəni inkişafına, eləcə də ədəbi dilinin formalaşmasına maneçilik törədən əlifbalar da olub. Məhz bu baxımdan haqlı olaraq, Azərbaycanın tərəqqipərvər ziyalıları dilimizin fonetik xüsusiyyətlərini əks etdirmək iqtidarında olmayan bu əlifbaların ( əsasən ərəf əlifbası) islah edilməsi və ya digər daha mükəmməl yazı sistemi ilə əvəz olunması uğrunda illərlə müntəzəm mübarizə aparıblar. Azərbaycanda təkcə əlifbanı deyil, bütövlükdə təfəkkürü dəyişməyə çalışan ilk mütəfəkkir böyük dramaturq, filosof və ictimai xadim Mirzə Fətəli Axundzadə olmuşdur. O, 1857-ci ildən etibarən Şərq dünyasında ilk dəfə olaraq əlifba islahatının fundamental ideyasını irəli sürdü. Axundzadənin  bu fəaliyyəti 20-ci əsrin əvvəllərində gerçəkləşəcək böyük əlifba inqilabının ideoloji və elmi bünövrəsini qoydu. 1929-cu il yanvarın 1-dən  Şərqdə ilk dəfə olaraq Azərbaycanda geniş maarifçilik hərəkatının nəticəsi kimi latın əsaslı yeni əlifba qəbul edildi. Bu dövr ölkədə savadsızlığın kütləvi şəkildə ləğvində böyük sıçrayış yaratdı. 1940-cı ildə Sovet imperyasının türk xalqlarını bir-birindən ayırmaq və milli şüuru zəiflətmək siyasətinin tərkib hissəsi kimi Azərbaycan dili məcburi olaraq Kiril əlifbasına keçirildi. Bu, xalqın öz zəngin tarixi qaynaqlarından qismən uzaqlaşdırılması məqsədi daşıyırdı. 1978-ci ildə Sovet rejiminin ən totalitar dövründə Heydər Əliyev böyük cəsarət və qətiyyət göstərərək Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan dili dövlət dili” maddəsinin daxil edilməsinə nail oldu. Ümummilli lider Heydər Əliyevin bu tarixi qərarı mənəvi varlığımızın əsası  sayılan dilimizin gələcək inkişafında böyük addım oldu. Müstəqilliyin ilk illərində (1992-ci ildə) səriştəsiz siyasi qərarlar nəticəsində dövlət dilinin adı dəyişdirilərək süni şəkildə qarışıqlıq yaradılmışdır. Heydər Əliyevin xalqın iradəsinə əsaslanan müdaxiləsi ilə 1995-ci ildə qəbul edilən ilk müstəqil Konstitusiyada dilimizin adı  rəsmən Azərbaycan dili olaraq təsbit olundu. Ulu öndərin 18 iyun 2001-ci il tarixli “ Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı dilimizin tətbiqi sahəsindəki boşluqları tamamilə aradan qaldırdı. Bunun ardınca, 9 avqust 2001-ci ildə imzalanan növbəti sərəncamla ölkədə latın qrafikalı əlifbaya tam keçid təmin olundu və 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edildi.

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis etməklə Ümummilli lider gənc nəslin ana dilini düzgün, hərtərəfli və elmi əsaslarla mənimsəməsinə böyük zəmin yaratdı.O,öz çıxışlarında gənclərə  müraciət edərək deyirdi: “ Öz dilini sevməyən adam öz tarixini bilə bilməz . Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Cəlil Məmmədquluzadəni oxuya bilməz. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaq”.

Ümummilli lider Heydər Əliyev hər zaman gənclərin həm dünya elminə yiyələnməsini, həm də öz milli köklərinə dərindən bağlı olmasını tövsiyyə edərək deyirdi:

“ Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis, Puşkini rus, Nizamini,Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun.”

Bu dahi kəlam sübut edir ki, əsl azərbaycanlı ziyalısı dünyanı dərk etmək üçün xarici dilləri öyrənməli, lakin öz milli kimliyini, ruhunu və mədəniyyətini qorumaq üçün ilk növbədə ana dilini mükəmməl bilməlidir.

Aynur  Rzaquliyeva,
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin Azərbaycan dili və Ədəbiyyat müəllimi Yeni Azərbaycan Partiyasının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button