
Qlobal səviyyədə saxta və yalan məlumatlara söykənən dezinformasiya kampaniyalarının vüsət aldığı müasir şəraitdə peşəkar jurnalistikanın, vətənpərvərliyin və prinsiplərə sadiqliyin əhəmiyyəti hər zamankindən daha çoxdur. Dövlət başçımız İlham Əliyevin də xüsusi olaraq vurğuladığı kimi, Azərbaycan jurnalistikası obyektivlik, qərəzsizlik və yüksək milli şüur prinsiplərinə heç zaman dönmədən əməl etməlidir.
Azərbaycan mediası söz və məlumat azadlığından sui-istifadə hallarına qətiyyətlə qarşı çıxaraq dövlətçilik maraqlarını hər zaman ən uca səviyyədə tutmalıdır. Jurnalistlərimiz yalan məlumatların qarşısını almaq və vətəndaşların düzgün məlumat əldə etmək hüququnu tam təmin etmək üçün var gücü ilə çalışırlar.
Məhz yüksək milli şüura və vətənpərvərliyə sahib olan fədakar jurnalistlərimiz cəmiyyətimizin ali məqsədlər uğrunda səfərbər olunmasına, eləcə də demokratik siyasi mədəniyyətin inkişafına öz layiqli töhfələrini verməyə davam edirlər.
Nazlı Ələkbərova,
YAP Nizami rayon təşkilatının fəalı



