
Qlobal geosiyasi arenada dövlətlərin suverenliyinin real təminatı birbaşa onların hərbi gücü və xalq-ordu birliyinin sarsılmazlığı ilə ölçülür. Bu şanlı tarix ölkəmizin keçdiyi mübarizə və şərəf yolunun ən ali barometridir. 1918-ci ildə ilk nizami hərbi struktur olan Əlahiddə Azərbaycan Korpusu formalaşdırılarkən, Azərbaycan Xalq Cümhuriyyətinə rəhbərlik edənlər bəlkə də təsəvvür edə bilməzdilər ki, gün gələcək bu ordu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşacaq. Biz cəmiyyətimizdə, xüsusən də gənc nəsil arasında apardığımız çoxşaxəli ideoloji-maarifləndirmə fəaliyyətində hər zaman bu tarixi varislik xəttini ön plana çəkirik. Çünki hələ 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi kimi, “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik… Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”. Məhz bu düstur – xalqla ordunun sarsılmaz həmrəyliyi həm dövlətin, həm də ordunun qüdrətini artıran ən mühüm mənəvi stimuldur.
Tarixin sınaqlarından keçmiş bu hərbi fəlsəfə xüsusilə doxsanıncı illərin əvvəllərində, ölkəmizin müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı mürəkkəb xaos dövründə özünü daha qabarıq göstərdi. Vahid komandanlığın olmaması respublikanı uçuruma sürüklədiyi bir zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ordu quruculuğunu milli qurtuluşen əsas şərti hesab etdi. Ulu Öndər dərindən inanırdı ki, “Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz”. Məhz onun uzaqgörən islahatları nəticəsində nizami ordu sisteminin bərqərar olması müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən birinə çevrildi və gələcək Zəfərlərin möhkəm təməlini qoydu. Dahi rəhbərin xalq və ordu inteqrasiyasına verdiyi bənzərsiz qiymət bu gün də ideoloji işimizin ana xəttini təşkil edir.
Heydər Əliyev məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə son iyirmi ildə bu proses beynəlxalq standartlara tam uyğunlaşdırılaraq tamamilə yeni bir zirvəyə ucaldı. “Güclü dövlətin güclü ordusu olmalıdır” prinsipini rəhbər tutan ölkə rəhbəri, hərbi-sənaye kompleksinin sürətli inkişafını təmin etdi. Azərbaycan artıq özünün yerli müdafiə sənayesi məhsulları ilə daxili tələbatı ödəməklə yanaşı, beynəlxalq bazarda da söz sahibidir. Ordumuzun döyüş qabiliyyətinin sınağı ilkin olaraq 2016-cı ilin Aprel döyüşlərində özünü göstərdi və bu zəfər bütün dünyaya Silahlı Qüvvələrimizin real gücünü nümayiş etdirdi. Ölkə başçısının uzaqgörən xarici siyasəti çərçivəsində ordumuzun qardaş Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması, ən müasir silahlarla təchiz olunmuş Komando briqadalarının yaradılması və Pakistan İslam Respublikası kimi mühüm strateji tərəfdaşlarla hərbi əməkdaşlığın dərinləşdirilməsi müdafiə potensialımızı sarsılmaz etdi. Xüsusilə tarixi Şuşa Bəyannaməsinin dəniz, hava, kosmos və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının birgə inkişafını nəzərdə tutan bəndləri regionda tamamilə yeni bir təhlükəsizlik arxitekturası formalaşdırdı.
Bu mükəmməl hərbi-strateji hazırlıq, yüksək döyüş ruhu və milli iradə 2020-ci ilin payızında cəmi 44 gün ərzində otuz illik işğala son qoyaraq tarixi ədaləti bərqərar etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, uzun illər ərzində hərbçilərlə görüşlər əsnasında danışıqlar nəticə verməyəcəyi təqdirdə məsələnin hərbi yolla həll ediləcəyi barədə verilən vədlər döyüş meydanında tam yerinə yetirildi və Qələbəni rəsmiləşdirən üçtərəfli Bəyanatla düşmən kapitulyasiyaya məcbur edildi. Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı reallığı bütün dünyaya nümayiş etdirildi. Erməni mifini tamamilə darmadağın edən rəşadətli ordumuz sayəsində bu gün hər birimiz sonsuz qürur hissi ilə yaşayırıq. Dövlət başçımızın bəyan etdiyi kimi, “Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur… Biz bundan sonra qürur hissi ilə yaşayacağıq – müzəffər xalq, güclü dövlət, yenilməz ordu və güclü iradə sahibi kimi”. Bu uca irsi qorumaq üçün bütün ideoloji-siyasi fəaliyyətimizlə dövlətimizin və ordumuzun yanında sarsılmaz güclə yer almağa davam edəcəyik.
Xəyalə Sahilova,
YAP Şirvan şəhər təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi



