AnalitikaGündəmSosial

15 İyun – Milli Qurtuluş Günü: Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim uca tutur

Azərbaycan xalqının müasir tarixində xüsusi yer tutan 15 İyun – Milli Qurtuluş Günü dövlətçiliyimizin xilası, milli birliyimizin bərpası və müstəqilliyimizin qorunub möhkəmləndirilməsi ilə yadda qalmışdır. Bu əlamətdar tarix xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı və Azərbaycanın ağır böhrandan çıxışının başlanğıcı kimi tarixə düşmüşdür.

1993-cü ilin iyun ayında ölkədə hökm sürən siyasi qeyri-sabitlik, hakimiyyət böhranı və vətəndaş qarşıdurması təhlükəsi Azərbaycan dövlətçiliyini ciddi sınaq qarşısında qoymuşdu. Belə mürəkkəb şəraitdə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni parçalanmaq təhlükəsindən xilas etdi, sabitliyin və inkişafın təməlini yaratdı. Məhz buna görə də 15 İyun Azərbaycan xalqının taleyində dönüş nöqtəsi, Milli Qurtuluş Günü kimi qeyd olunur.

Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət idarəçiliyi möhkəmləndirildi, iqtisadi islahatlara başlanıldı və Azərbaycanın beynəlxalq nüfuzu sürətlə artdı. Sonrakı illərdə əldə olunan bütün uğurların əsasında məhz həmin dövrdə qoyulan möhkəm dövlətçilik təməlləri dayanır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ümummilli Liderin siyasi kursu uğurla davam etdirilir. Dövlətimizin əldə etdiyi böyük nailiyyətlər, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu Heydər Əliyev ideyalarının yaşayaraq inkişaf etdiyini bir daha təsdiq edir.

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini hər zaman böyük ehtiramla yad edir. Onun dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətləri heç zaman unudulmur. Heydər Əliyev təkcə müasir Azərbaycan dövlətinin qurucusu deyil, həm də milli dövlətçilik ideologiyasının müəllifi, xalqımızın milli həmrəyliyinin simvoludur.

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onun Azərbaycan naminə gördüyü tarixi xidmətləri minnətdarlıq hissi ilə xatırlayırıq. Ulu Öndərin ideyaları yaşayır və Azərbaycanı yeni uğurlara aparır.

İsrayılov Amil,
Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button