
“Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!” – Ümummilli Lider Heydər Əliyevin bu tarixi və rəmzi kəlamı, Azərbaycan xalqının azadlıq fəlsəfəsinin və dövlətçilik xəttinin ən bariz ifadəsidir. Azərbaycanın müstəqillik tarixi bir gündə qazanılan deyil, əsrlərin sınağından keçən, qanla, fədakarlıqla yazılan bütöv bir dastandır. Bu dastan və tarixi yol öz başlanğıcını rəsmən 1918-ci il mayın 28-dən – Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasından götürür.
XIX əsrdə Çar Rusiyası tərəfindən işğal edilən, milli kimliyi və sərvətləri istismar olunan Azərbaycan xalqı, XX əsrin əvvəllərində dünyada baş verən qlobal siyasi kataklizmlərdən böyük bir tarixi fürsət yarada bildi. 1918-ci il mayın 28-də Tiflisdə Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura tərəfindən İstiqlal Bəyannaməsi imzalandı.Bu sənəd sadəcə yeni bir dövlətin yarandığını bəyan etmirdi, həm də müsəlman şərqində insan hüquqlarına, dünyəviliyə, qadın-kişi bərabərliyinə söykənən tamamilə yeni bir təfəkkürün əsasını qoyurdu. Cəmi 23 ay yaşayan Cümhuriyyət, az vaxt ərzində xalqın yaddaşına elə bir azadlıq toxumu səpdi ki, həmin toxum sonradan sovet rejiminin 70 illik amansız qışına tab gətirərək yenidən cücərə bildi.
1920-ci il aprelin 28-də bolşevik Rusiyasının XI Qırmızı Ordusu tərəfindən Bakının işğal edilməsi ilə AXC süqut etdi. Azərbaycan sovet imperiyasının tərkibinə qatıldı. Lakin bu dövr tam mənası ilə itirilmiş zaman deyildi. 70 illik sovet dövründə Azərbaycanın inzibati idarəçilik mexanizmləri, elmi, mədəniyyəti və iqtisadiyyatı inkişaf etdi. Keçmiş SSRİ dövründə Azərbaycana rəhbərlik edən Heydər Əliyev, gələcək müstəqilliyin iqtisadi və kadr potensialını məhz həmin illərdə hazırladı. Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması, azərbaycanlı gənclərin ittifaqın ən aparıcı universitetlərinə göndərilməsi milli intibahın əsas rüşeymləri idi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Heydər Əliyevin rəhbərliyi ilə keçirilən sessiyada, AXC-nin üçrəngli bayrağı sovet rejiminin hələ tam yıxılmadığı bir vaxtda ilk dəfə olaraq rəsmi dövlət bayrağı kimi qəbul edildi. Bu, 28 may ideallarına qayıdışın ilk açıq xəbərdarlığı idi. XX əsrin sonlarında SSRİ-nin süquta uğraması ilə Azərbaycan xalqı yenidən ayağa qalxdı. Bu yol asan olmadı – xalqımız 20 Yanvar faciəsini yaşadı, Qarabağda Ermənistanın işğalçılıq siyasəti ilə üz-üzə qaldı. Bütün bunlara baxmayaraq, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu aktla Azərbaycan Respublikası 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu bütün dünyaya bəyan etdi. Bu, 28 mayda başlayan yolun ikinci böyük zirvəsi idi. Müstəqilliyin ilk illəri (1991–1993) daxili xaos, vətəndaş müharibəsi təhlükəsi və torpaqların itirilməsi ilə müşayiət olunurdu. Müstəqilliyin itirilməsi qorxusu real idi.1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı dövləti məhv olmaqdan xilas etdi. “Müstəqilliyimiz əbədidir” tezisi məhz bu dövrdə dövlətin əsas ideoloji sütununa çevrildi.
“Əsrin Müqaviləsi” (1994) ilə Azərbaycanın iqtisadi müstəqilliyinin əsası qoyuldu. Dağınıq dəstələrdən nizami hərbi qüvvələrə keçid təmin edildi. Azərbaycan dünya birliyinin tamhüquqlu və söz sahibi olan üzvünə çevrildi. 28 may 1918-ci ildə başlayan tarixi yolun ən parlaq və həlledici mərhələsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yazıldı. Müstəqilliyin iqtisadi, siyasi və hərbi sütunlarının möhkəmləndirilməsi Azərbaycanı böyük hədəfə – torpaqların azadlığına apardı. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Xankəndidə, Şuşada, Xocalıda dalğalanan üçrəngli bayrağımız, 1918-ci ildə o bayrağı ilk dəfə qaldıran babalarımızın ruhunun ən böyük təsəllisi oldu.
28 may 1918-ci ildə atılan ilk addım bu gün regionun lider, dünyada isə söz sahibi olan güclü Azərbaycan dövlətinə çevrilib. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan xalqının müstəqillik yolu artıq işğal, itki və xaos dövrlərini geridə qoyub, Zəfər və İnkişaf magistralına qədəm qoymuşdur. Babalarımızın qurduğu, atalarımızın qoruduğu və rəşadətli nəslin bütövləşdirdiyi Azərbaycan Respublikası bu gün tam mənası ilə azaddır, suverəndir. Və bu müstəqillik, gələcək nəsillərin çiyinlərində əbədi, dönməz və sarsılmaz olaraq qalacaqdır!
Allahverdiyeva Könül,
Nizami rayonu 129 saylı tam orta məktəbin tarix müəllimi



