
İlham Əliyev ilə Giorgia Meloni arasında 2026-cı il mayın 4-də Bakı şəhərində keçirilən görüş və mətbuata verilən bəyanatlar Azərbaycan–İtaliya münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi. Dövlət başçısının vurğuladığı kimi, İtaliya Respublikası bazarı həm neft, həm də qaz sahəsində Azərbaycan üçün prioritet istiqamətlərdən biridir.
Azərbaycan ilə İtaliya arasında enerji əməkdaşlığı uzun illərə söykənən etibarlı tərəfdaşlıq modeli kimi çıxış edir. Xüsusilə Cənub Qaz Dəhlizi və onun əsas tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Avropa bazarlarına, xüsusilə İtaliyaya nəqli iki ölkə arasındakı münasibətlərin strateji əhəmiyyətini daha da artırır. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyi baxımından da mühüm rol oynayır.
İtaliya Respublikası Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq enerji sektorunda aparıcı mövqeyə malikdir. Azərbaycanın zəngin enerji ehtiyatları ilə İtaliyanın geniş bazar imkanlarının bir-birini tamamlaması hər iki ölkənin maraqlarına xidmət edir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın etibarlı enerji təchizatçısı kimi bütün öhdəliklərini uğurla yerinə yetirdiyini və tərəfdaş dövlətlərlə münasibətlərin qarşılıqlı etimad prinsipi əsasında inkişaf etdiyini xüsusi vurğulayıb.
Bununla yanaşı, Azərbaycan–İtaliya əməkdaşlığı yalnız enerji sahəsi ilə məhdudlaşmır. İtaliya şirkətləri ölkəmizdə sənaye, tikinti, logistika və xidmət sahələrində fəal iştirak edir, bu isə qeyri-neft sektorunun inkişafına və iqtisadi əlaqələrin şaxələndirilməsinə mühüm töhfə verir.
Nəticə etibarilə, Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək regional və beynəlxalq müstəvidə mühüm əhəmiyyət kəsb edir. İtaliya bazarının neft və qaz sahəsində əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın uğurlu enerji siyasətinin və uzaqgörən strateji yanaşmasının bariz göstəricisidir.
İsrayılov Amil Faiq oğlu,
Yeni Azərbaycan Partiyası,
Şirvan şəhər təşkilatının məsləhətçisi



