AnalitikaGündəmSiyasət

Azərbaycan-İtaliya: Strateji Tərəfdaşlığın Enerji Resurslarından Kənara Çıxan Üfüqləri

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında formalaşmış diplomatik və iqtisadi münasibətlər bu gün Cənubi Qafqaz və Avropa məkanında ən uğurlu əməkdaşlıq nümunələrindən biri hesab olunur. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq sənədləri siyasi dialoqun, iqtisadi inteqrasiyanın və qarşılıqlı etimadın möhkəm təməlini formalaşdırır. Tarixi İpək Yolunun müasir iştirakçıları kimi çıxış edən Bakı və Roma Avrasiyanın enerji və nəqliyyat xəritəsində mühüm rol oynayaraq regional sabitliyin əsas tərəfdaşlarına çevriliblər. İtaliya Respublikası Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü daim beynəlxalq hüquq çərçivəsində dəstəkləyən etibarlı müttəfiq kimi çıxış edir.

Bu münasibətlərin əsas istiqamətlərindən biri enerji təhlükəsizliyidir. Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Avropa bazarlarına, xüsusilə İtaliyaya nəqli Romanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bununla yanaşı, tərəflər arasında qeyri-neft sektoru, bərpa olunan enerji və “yaşıl iqtisadiyyat” sahələrində əməkdaşlıq da sürətlə inkişaf edir. İtaliya şirkətlərinin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrində iştirakı, “Ağıllı şəhər” konsepsiyası və müasir infrastruktur layihələrinə verdiyi töhfələr bu tərəfdaşlığın strateji əhəmiyyətini daha da artırır.

Mədəni-humanitar əlaqələr isə iki xalq arasında dostluq münasibətlərini daha da möhkəmləndirir. Heydər Əliyev Fondu tərəfindən İtaliyada tarixi və mədəni abidələrin bərpasına göstərilən dəstək Roma ilə Bakı arasında mühüm mədəni körpü rolunu oynayır. Eyni zamanda, İtaliya-Azərbaycan Universitetinin yaradılması təhsil, elm və innovasiya sahəsində uzunmüddətli əməkdaşlığın əsasını təşkil edir. Bu gün Azərbaycan–İtaliya münasibətləri yalnız iki dövlətin deyil, bütövlükdə regionun inkişafı və rifahına xidmət edən nümunəvi strateji tərəfdaşlıq modeli kimi qiymətləndirilir.

Xəyalə Ayət qızı Sahilova,
YAP Şirvan şəhər təşkilatının
İdeoloji məsələlər üzrə məsləhətçisi

 

Oxşar Xəbərlər

Back to top button