
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata birgə bəyanatlarla çıxış ediblər. Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq, iqtisadi əlaqələr və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə olunub.
Prezident İlham Əliyev çıxışında İtaliya Baş nazirini Azərbaycanda səmimiyyətlə salamlayaraq onun səfərinin Azərbaycan–İtaliya dostluq münasibətlərinin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı bildirib ki, Azərbaycan və İtaliya strateji tərəfdaş ölkələrdir və 2014-cü və 2020-ci illərdə imzalanmış bəyannamələr bu münasibətlərin hüquqi əsasını təşkil edir.
Prezident qeyd edib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 12 milyard ABŞ dolları təşkil edib. Energetika sahəsində əməkdaşlıq isə ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdə qərarlaşıb. Ötən il Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetr təşkil edib, bunun 9,5 milyard kubmetri İtaliya bazarına yönəlib.
Dövlət başçısı qaz ixracının artırılması üçün Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə müzakirələrin aparıldığını qeyd edib.
Prezident İlham Əliyev həmçinin hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivlərinə toxunaraq birgə layihələrin həyata keçirilməsi və istehsalın təşkili ilə bağlı fikir mübadiləsinin aparıldığını bildirib.
İqtisadi əlaqələrdən bəhs edən dövlət başçısı Azərbaycan Dövlət Neft Fondunun son illərdə İtaliya iqtisadiyyatına təxminən 3 milyard ABŞ dolları həcmində investisiya yatırdığını qeyd edib və bu əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirərək hazırda bu ölkənin təxminən 130 şirkətinin Azərbaycanda işlədiyini bildirib. O, xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində İtaliya şirkətlərinin 23 layihədə iştirak etdiyini və bu sahədə öncül mövqedə olduqlarını qeyd edib.
Dövlət başçısı çıxışında təhsil sahəsində əməkdaşlığın da önəmini vurğulayaraq Bakıda İtaliya-Azərbaycan Universitetinin açılmasını mühüm hadisə kimi dəyərləndirib. Hazırda bu universitetdə 500-dən çox tələbənin təhsil aldığı və gələcəkdə onların iki ölkə arasında mədəni və elmi körpü rolunu oynayacağı bildirilib.
Sonda Prezident İlham Əliyev Azərbaycan və İtaliya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib və Ciorcia Meloni başda olmaqla nümayəndə heyətini bir daha Azərbaycanda salamlayıb.
Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



