
11 mart 2026-cı ildə Azərbaycan Respublikasının Cənab Prezidenti İlham Əliyev Bakıda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüş keçirmiş və görüşdən sonra birgə mətbuat bəyanatı ilə çıxış etmişdir. Bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Prezident İlham Əliyev çıxışında Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının son illərdə uğurla inkişaf etdiyini və bu əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulamışdır. Cənab Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, Antonio Koştanın Azərbaycana səfərinə böyük əhəmiyyət verilir və bu səfər ikitərəfli münasibətlərin daha da inkişafına mühüm töhfə verəcəkdir. Dövlət başçısı bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoq çox fəaldır və son illərdə yüksək səviyyəli görüşlərin sayı artmışdır. Bu dialoq həm siyasi, həm də iqtisadi sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edir. Bəyanatda Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əsas istiqamətlərindən biri kimi enerji sahəsi xüsusi qeyd olunmuşdur.
Cənab Prezident İlham Əliyevin sözlərinə görə, enerji əməkdaşlığı uzun illərdir tərəflər arasında münasibətlərin əsas hərəkətverici qüvvəsi olmuşdur və gələcəkdə də bu sahə böyük əhəmiyyət daşıyacaqdır. Hazırda Avropanın bir çox ölkələri Azərbaycan qazı ilə təmin olunur və bu, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu daha da artırır. Dövlət başçısı həmçinin bildirmişdir ki, Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi əlaqələri də yüksək səviyyədədir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir və ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi məhz bu qurumun üzv ölkələri ilə həyata keçirilir. Bu fakt iqtisadi əməkdaşlığın geniş potensiala malik olduğunu göstərir və gələcəkdə qarşılıqlı investisiyaların artacağı gözlənilir. Cənab Prezident İlham Əliyev öz çıxışında regional təhlükəsizlik və sabitlik məsələlərinə də toxunmuşdur. O qeyd etmişdir ki, Azərbaycan regionda sülh və sabitliyin təmin olunmasına böyük əhəmiyyət verir və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlığı dəstəkləyir. Bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlıq regionda davamlı inkişafın və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir. Bəyanat zamanı tərəflər nəqliyyat, rəqəmsal inkişaf, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini də müzakirə etmişlər. Həm Azərbaycan, həm də Avropa İttaqı bu istiqamətlərdə yeni layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirmişlər.
Bu əməkdaşlıq Cənubi Qafqaz, Qara dəniz və Mərkəzi Asiya regionlarında iqtisadi əlaqələrin güclənməsinə və yeni imkanların yaranmasına şərait yaradır. Antonio Koşta da öz çıxışında Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, tərəflər arasında münasibətlər son illərdə yeni mərhələyə qədəm qoymuşdur və bu əməkdaşlıq enerji, təhlükəsizlik, rəqəmsal texnologiyalar və nəqliyyat sahələrində daha da genişlənəcəkdir. Bu isə hər iki tərəfin ortaq maraqlarına xidmət edir. Səfər çərçivəsində keçirilən görüşlər Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm addım hesab olunur. Bu görüşlər tərəflər arasında qarşılıqlı etimadın artmasına və gələcək əməkdaşlıq layihələrinin həyata keçirilməsinə zəmin yaradır.
Rüstəmov Bəhruz,
Yeni Azərbaycan Partiyası məsləhətçi



