AnalitikaGündəmSiyasət

Azərbaycan Konstitusiyası – Dövlətçiliyimizin Hüquqi Təməli və Milli Qürur Günü

Hər bir suveren dövlətin varlığını, idarəçilik strukturunu və əsas prinsiplərini müəyyən edən sənəd onun Konstitusiyasıdır. Konstitusiya xalqın iradəsini, azadlığını və dövlətin əsas dəyərlərini özündə cəmləşdirən ali hüquqi akt kimi mühüm əhəmiyyət daşıyır. 12 noyabr – Konstitusiya Günü Azərbaycan xalqı üçün dövlətçilik tariximizin ən önəmli və qürurverici səhifələrindən biridir.

Azərbaycan Respublikasının müstəqillik dövründə qəbul edilən ilk milli Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə təsdiqlənmişdir. Bu tarixi hadisə ölkəmizin hüquqi-siyasi müstəqilliyinin möhkəmlənməsinə, demokratik dəyərlərin və insan hüquqlarının təmininə geniş imkanlar açmışdır.

Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi ilə hazırlanmış və qəbul edilmiş Konstitusiya müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarını formalaşdırmış, cəmiyyətin inkişaf istiqamətlərini müəyyən etmişdir. Heydər Əliyev o dövrdə ölkəni dərin böhrandan çıxararaq, sabitlik, ədalət və qanunçuluq üzərində qurulan dövlət idarəçiliyinin təməlini qoymuşdur.

Azərbaycan Konstitusiyasında insan və vətəndaş hüquqlarının qorunması, dövlət suverenliyi, hakimiyyətin bölgüsü və hüquqi dövlət prinsipləri öz əksini tapmışdır. Bu sənəd ölkəmizin demokratik inkişafının, sabitliyinin və tərəqqisinin əsas dayağına çevrilmişdir.

Bu gün Ulu Öndərin dövlətçilik ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Konstitusiyanın müddəaları dövrün tələblərinə uyğun təkmilləşdirilmiş, insan rifahına, hüquqi ədalətə və milli maraqlara xidmət edən islahatlar həyata keçirilmişdir.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan Konstitusiyasında təsbit olunmuş dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenlik prinsipləri real həyatda öz təsdiqini tapmışdır. Vətən müharibəsində qazanılan Zəfər bunun ən bariz nümunəsidir.

Bu gün Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin strateji rəhbərliyi ilə sabit, güclü və inkişaf edən bir ölkə kimi irəliləyir. 12 noyabr – Konstitusiya Günü təkcə hüquqi əhəmiyyət daşıyan tarix deyil, həm də xalqımızın azad iradəsini, milli həmrəyliyini və dövlətçilik əzmini təcəssüm etdirən bir bayramdır.

Həsənova Səbinə
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button