
İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
Heydər Əliyevin xilaskarlıq missiyası təkcə hakimiyyətə qayıdışı ilə bitmədi. O, qısa müddət ərzində ölkədəki anarxiyanı aradan qaldırdı, dövlət strukturlarını bərpa etdi, ordu quruculuğuna başladı. Xarici siyasətdə balanslı və müstəqil xətt müəyyənləşdirərək Azərbaycanın beynəlxalq nüfuzunu artırdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycanın enerji resursları dünya bazarına çıxarıldı, ölkəyə böyük investisiyalar gəldi. Eyni zamanda 1995-ci ildə qəbul olunan Konstitusiya və keçirilən demokratik seçkilər Azərbaycan dövlətçiliyinin əsasını möhkəmləndirdi.
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası həm də ideoloji bir xətti ehtiva edirdi. O, Azərbaycançılıq məfkurəsini dövlət ideologiyası səviyyəsinə qaldırdı, milli birlik və həmrəylik çağırışları etdi. Heydər Əliyev müstəqilliyimizin dönməz və əbədi olacağını bəyan edərək bu yolda qətiyyətli addımlar atdı.
Bu gün Azərbaycan xalqı Ulu Öndərin xilaskarlıq missiyasının bəhrələrini görür. Onun başladığı yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2020-ci ildə əldə olunan Qarabağ Zəfəri də məhz Heydər Əliyevin qoyduğu möhkəm təməlin nəticəsidir.
Həsənova Səbinə,
YAP-ın gənc fəalı