
2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikası öz suverenliyini bərpa edərək 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalan torpaqlarını azad etdi. Bu ərazilərin bərpası və yenidən qurulması Azərbaycan üçün təkcə fiziki deyil, həm də iqtisadi, sosial və mədəni baxımdan böyük əhəmiyyət daşıyır.
İşğaldan azad olunmuş ərazilərdə infrastruktur tamamilə dağıdılmışdır. Şəhərlər, kəndlər, yollar, su və enerji təminatı sistemləri məhv edilmiş vəziyyətdə idi. Azərbaycan hökuməti bu ərazilərin bərpası üçün “Böyük Qayıdış” proqramı çərçivəsində genişmiqyaslı layihələrə start verdi. Qısa müddətdə Füzuli, Zəngilan və Laçında hava limanları inşa olundu. Qarabağ və Şərqi Zəngəzurda yeni avtomobil yolları və dəmir yolları çəkilir, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri həyata keçirilir.
Bərpa prosesi yalnız infrastrukturla məhdudlaşmır. Azad edilmiş torpaqlarda həyatın canlandırılması üçün kənd təsərrüfatı, sənaye və turizm sahələri üzrə inkişaf proqramları icra olunur. Əhalinin geri qayıdışı üçün yaşayış evləri, məktəblər, xəstəxanalar tikilir. 2022-ci ildən etibarən bəzi ailələr Zəngilanın Ağalı kəndinə qayıdıb, burada “ağıllı kənd” modeli üzrə müasir yaşayış şəraiti yaradılıb.
Qarabağ bölgəsi Azərbaycan mədəniyyətinin beşiyidir. İşğal dövründə dağıdılmış məscidlər, məbədlər, muzeylər və qəbiristanlıqların bərpası prioritet məsələlərdəndir. Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunub və burada beynəlxalq tədbirlər keçirilir. Mədəni irsin bərpası həm milli kimliyin, həm də beynəlxalq nüfuzun möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İşğaldan azad olunmuş ərazilərin bərpası Azərbaycan üçün strateji və tarixi əhəmiyyətə malikdir. Bu prosesin uğurla həyata keçirilməsi üçün dövlət, özəl sektor və beynəlxalq təşkilatların əməkdaşlığı vacibdir. Qarabağın yenidən dirçəldilməsi, yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqaz regionunun sülh və sabitlik gələcəyi üçün də mühüm addımdır.
Mətanət Cəfərova
Yeni Azərbaycan Partiyası, məsləhətçi