AnalitikaGündəmSiyasət

Azərbaycan və Pakistan əməkdaşlığı region üçün yeni inkişaf imkanları açır

“Prezident İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini göstərdi. Bu səfər təkcə siyasi münasibətlərin deyil, həm də iqtisadi, hərbi və enerji sahələrində geniş əməkdaşlığın yeni mərhələsini açdı. Azərbaycan və Pakistan beynəlxalq təşkilatlarda daim bir-birinə dəstək verən ölkələrdir. Hər iki dövlət bir-birinin suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə müdafiə edir. Bu münasibət Cənubi Qafqaz və Cənubi Asiyanın geosiyasi sabitliyi üçün mühüm əhəmiyyət daşıyır”.

Bunu “İcxeberinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Azərbaycan və Pakistan beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi davam etdirir. Qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsi dövründə Pakistanın Azərbaycana verdiyi güclü siyasi dəstək strateji əlaqələrin əsas sütunlarından biridir. Həmçinin görüş zamanı Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə yatırmağa hazır olduğunu bəyan etdi. Bu, iki ölkə arasında ticarət dövriyyəsini artırmaqla yanaşı, uzunmüddətli iqtisadi əlaqələri gücləndirəcək.

“Azərbaycanın iştirak etdiyi Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri beynəlxalq ticarət üçün mühüm arteriyalardır. Pakistan bu infrastruktur layihələrində Azərbaycanın təcrübəsindən yararlanmağa maraq göstərir. Enerji sahəsində imzalanan anlaşma memorandumları Azərbaycanın Pakistanın enerji təhlükəsizliyində mühüm tərəfdaş olacağını göstərir. SOCAR ilə Pakistanın aparıcı enerji şirkətləri arasında imzalanmış sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək”.

Onun sözlərinə görə, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifinin bu səfəri Azərbaycan və Pakistan münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. İmzalanan sənədlər, iqtisadi və hərbi əməkdaşlıq planları, beynəlxalq platformalarda qarşılıqlı dəstək göstərir ki, iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Pakistan təkcə dost deyil, həm də qlobal siyasətdə bir-birini dəstəkləyən güclü müttəfiqlərdir. Bu əməkdaşlıq yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün yeni inkişaf imkanları açır.

Oxşar Xəbərlər

Back to top button