Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmamışdır

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Bu dəhşətli gecədə Ermənistanın silahlı qüvvələri və keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayı birlikdə Azərbaycanın Xocalı şəhərinə hücum edərək, mülki əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törətmişlər.
Yaşanmış faciə nəticəsində rəsmi məlumata görə, 613 nəfər azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı şəxs amansızcasına qətlə yetirilmiş, 487 nəfər ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Bundan əlavə, 150 nəfərin taleyi hələ də naməlum olaraq qalır. Bu faciə bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə həkk olunmuşdur.
Xocalı soyqırımı Ermənistanın Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və işğal siyasətinin ən qanlı səhifələrindən biridir. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq həyata keçirilən bu vəhşiliklər insanlıq əleyhinə cinayət kimi qiymətləndirilməlidir. Xocalıda törədilmiş cinayətlərə münasibətdə cinayət təqibinin davam etdirilməsi üçün kifayət qədər hüquqi əsaslar mövcuddur. Beynəlxalq ictimaiyyət bu faciəyə daha geniş diqqət yetirməli və onu soyqırımı kimi tanımalıdır.
Bu məqsədlə, Azərbaycan dövləti və qeyri-hökumət təşkilatları tərəfindən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası başladılmışdır. Justice for Khojaly informasiya portalı vasitəsilə bu faciənin dünya ictimaiyyətinə çatdırılması, erməni cinayətlərinin ifşası istiqamətində mühüm işlər görülmüşdür. Xarici jurnalistlərin Xocalı faciəsi ilə bağlı yazıları bu soyqırımın miqyasını dünya ictimaiyyətinə daha açıq şəkildə göstərməkdədir.
Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmamışdır. 2020-ci ildə baş vermiş Vətən müharibəsi nəticəsində işğal olunmuş torpaqlarımız azad edilmiş və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdur. Bu qələbə, Xocalı faciəsində həlak olan günahsız insanların ruhuna ehtiramın bir təzahürü kimi qəbul edilməlidir.
Xocalı soyqırımı, bəşər tarixində Holokost soyqırımı ilə müqayisə edilən ağır cinayətlərdən biri kimi tanınmalıdır. Tarixin bu qara səhifəsi heç vaxt unudulmamalı və gələcək nəsillərə ötürülməlidir.
Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyası, məsləhətçi