AnalitikaGündəmİdman

Biz döyüş meydanındakı zəfərimizə idman qələbələrini də əlavə etdik

Suveren Azərbaycanın daim inkişaf edən sosial-iqtisadi göstəriciləri hər kəsi heyrətdə saxladığı kimi idman sahəsindəki uğurlarımız da bu dinamik statistika ilə harmoniyanı təşkil edir. Lakin idmanda, ələlxüsus olimpiya yollarında mücadiləmiz asan olmamışdı. Sovetlər dönəmində Azərbaycan idmançıları ittifaq komandasının heyətində bu və ya digər nailiyyətlər qazansalar da,əldə edilən mükafatlar idmançının fərdi kolleksiyasını zənginləşdirməkdən o yana getmirdi.Milli dəyərlərin nəzərə unudulduğu bir cəmiyyətdə belə yanaşma təbii idi.

Bu yolda ilk mühüm addım Milli Olimpiya Komitəsinin təsis edilməsi oldu. 1992-ci ildə ərsəyə gələn bu təşkilat növbəti ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rəsmən tanındı. Bu səbəbdən də Vətəni təmsil edəsi idmançılarımız 1992-ci ildə İspaniyada keçirilən Yay Olimpiya oyunlarında yalnız Müstəqil Dövlətlər Birliyinin “Birləşmiş Komanda” adlı tərkibində çıxışla yadda qaldılar. Əsas odur ki, o zaman Barselonada təşkil olunmuş bu idman festivalında üçrəngli bayrağımız qaldırıldı, möhtəşəm himnimiz səsləndirildi.

Yetirmələrimizin ən mötəbər idman yarışmasında ilk müstəqil komanda çıxışı isə 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçirilən baş tutdu. Ulu Öndər Heydər Əliyevin sonsuz qayğısı və diqqəti sayəsində 23 idmançı və 9 idman növü ilə təmsil edildiyimiz yarışların açılış mərasimində bayrağımızı ilk olimpiya birincimiz olmuş cüdoçu Nazim Hüseynov aparırdı. Debüt olimpiyadasında sərbəst güləşçimiz Namiq Abdullayev fəxri kürsünün ikinci pilləsinə qalxa bilmişdi. Bu milli komandamızın ilk və bu yarışma üçün yeganə uğuru idi.

Şübhəsiz,o zaman milli komandanın təcrübəsizliyi öz sözünü deyirdi. Tezliklə nəticələr təhlil olundu və idman sahəsində islahatlara başlanıldı. MOK-un 1997-ci il 31 iyul tarixində keçirilən iclasında rəhbər heyətin məsələsi nəzərdən keçirildi. Cənab İlham Əliyev yekdilliklə Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Və bu seçim nəhəng layihələri həyata keçirilməsinə stimul verdi. Bu idman təşkilatının quruculuq və təşkilati işləri o zaman hər kəsi heyrətdə buraxacaq qədər çevik və səmərəli alınırdı. Bakının Maştağa kəndində, Naxçıvan, Gəncə, Bərdə, Quba, Şəki və başqa bölgələrimizdə müasir idman olimpiya komplekslərinin inşası gənclərimizin istifadəsinə verildi.

O illərdə ölkəmizə işgüzar səfər edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Cak Roq Azərbaycan Milli Olimpiya Komitəsini digər olimpiya komitələri üçün örnək adlandırmışdı. Eyni zamanda respublikamızda uşaq idmanına qayğı, erkən yaşlardan fiziki tərbiyənin rəğbətləndirilməsi ön plana alınmışdı. Şübhəsiz, bu addımlar öz bəhrəsini verməli idi.

2000-ci ilin sentyabrında baş tutan Sidney Olimpiadasında Azərbaycanı 31 idmançı 8 idman növündə təmsil edirdi. Bu dəfə stend atıcımız Zemfira Meftahətdinova və təcrübəli güləşçimiz Namiq Abdullayev fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacardılar. Boks yarışlarına qatılan Vüqar Ələkbərov isə turnirin bürünc mükafatçısı olmuşdu. Nəticədə həm medalları əyarına görə,həm də medal sayı baxımından ən azı 20 pillə irəliləyə bildik. Ulu Öndər Heydər Əliyevin 26 avqust 2000-ci il sərəncamı əsasında qaliblər və onların məşqçiləri dövlət mükafatı və pul mükafatı ilə dəyərləndirildilər.

Sonrakı olimpiya yarışlarında da uğurlarımız artmaqda davam etdi. 2004-cü il Afina olimpiadasında komandamız 5 medalla geri dönmüşdü. O zaman Cənab Prezident İlham Əliyev qaliblərimizə yüksək dəyər verərək, onları şəxsən qəbul etdi. Təyin olunan pul mükafatlarından başqa yarışların nəticəsi kimi 3 nəfər “Şöhrət ordeni”, 8 nəfər isə  “Tərəqqi medalı” ilə təltif olunmuşdu.

2008-ci il Pekin olimpiadasında 1 qızıl, 1 gümüş və 4 bürünc olmaqla 6 medal sahibi olmağı bacarmışdıq. 2012-ci ildə Londonda uğurlarımızın daha da artması bizi hədsiz hədsiz sevindirdi-2 qızıl,2 gümüş və 5 bürünc və nəticədə 9 medal!

2016-ci il Rio-de Janeyro olimpiadası bizə 18 medal bəxş etdi. Nailiyyətlərimiz sonrakı illərdə də davam edirdi. Sonuncu Paris yarışmasını isə dünyanın bir çox aparıcı ölkələrini qabaqlayaraq, 30-cu yerdə başa vurmuşuq. Bu artıq böyük qələbədir. Həm də bu qələbə düşmən üzərində zəfər qazanmış Azərbaycanın, suveren Azərbaycanın, məğrur xalqın qələbəsidir!

Elxan İsmayılov,
Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button