Noyabrın 12-də Bakıda keçirilən COP29 Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyevin çıxışı iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllinə Azərbaycanın yanaşmasını və qlobal səviyyədəki töhfəsini əks etdirən mühüm məqamlarla yadda qaldı. Bu çıxışın əhəmiyyəti həm yerli, həm də beynəlxalq baxımdan diqqətəlayiqdir və bir neçə əsas aspektdə təhlil edilə bilər.
Əvvəla onu vurğulayaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi iqlim dəyişiklikləri və ekoloji problemlərin həlli istiqamətində dövlətimizin qlobal lider kimi tanınmasının daha bir təsdiqidir. Azərbaycan dayanıqlı inkişaf hədəflərinə sadiqdir və ölkəmiz iqlim dəyişmələrinə qarşı mübarizə üçün əməkdaşlıq məkanı, hamı üçün açıq platforma təqdim edir. Dövlətimizin başçısı COP29 Liderlər Sammitində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayaraq, qlobal iqlim dəyişikliyinin yalnız ayrı-ayrı ölkələrin səyləri ilə həll edilməsinin mümkün olmadığını, bütün dünya ölkələrinin birgə fəaliyyətinin zəruri olduğunu qeyd edib. Bu yanaşma, xüsusilə iqlim sahəsində konsensusun əldə edilməsinin çətin olduğu inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qarşılıqlı anlaşmanı təşviq etməyə yönəlib.
Azərbaycan, yaşıl enerji inkişafını özünün enerji strategiyasının bir hissəsi olaraq qəbul etmişdir. Prezident İlham Əliyev ölkənin bərpa olunan enerji layihələrini təşviq edərək, külək və günəş enerjisi layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Dövlətin məqsədi, bu mənbələrin istifadəsini artırmaqla enerji balansını müxtəlifləşdirmək və ekoloji tarazlığa nail olmaqdır. Yaşıl enerji istifadəsinin genişlənməsi iqtisadi inkişafı sürətləndirir və yeni iş yerlərinin yaranmasına səbəb olur. Eyni zamanda, bu enerjinin tətbiqi, ətraf mühitin qorunmasına və gələcək nəsillər üçün daha təmiz və yaşıl bir dünya yaratmağa töhfə verir. Azərbaycan, yaşıl enerji sahəsində beynəlxalq əməkdaşlığa da böyük önəm verir.
COP29-un Bakıda keçirilməsi, bu istiqamətdə ölkənin liderlik etməyə və inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında təcrübə və bilik mübadiləsinə imkan yaratmağa hazır olduğunu göstərir. Yaşıl enerjinin inkişafı, dayanıqlı gələcək üçün zəruri olan əsas elementlərdən biridir və Azərbaycanın bu sahədəki siyasəti, regionda ekoloji və iqtisadi baxımdan lider mövqeyə yüksəlməsinə xidmət edir.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı