Bu gün ömrümüzün Şuşa günüdür
Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”. Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir. Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tariximədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır.
Prezident İlham Əliyev Şuşa şəhərində səfərdə olarkən bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan destruktiv ritorikası ilə Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini pozub. Onun Şuşa şəhərinə qeyri-qanuni səfəri, burada səsləndirdiyi fikirlər və yersiz hərəkətləri Azərbaycan xalqının qəzəb hissini daha da coşdurub. Məhz N.Paşinyanın Şuşanın Ermənistan ordusu tərəfindən işğalı günündə bu şəhərə gələrək təşkil edilmiş kef məclisindəki rəqsi ilə Azərbaycan xalqının qürurunu və milli hisslərini təhqir etmək istəyib. Lakin 44 günlük Vətən müharibəsinin gedişində müzəffər Azərbaycan Ordusu tərəfindən Şuşa şəhərinin işğaldan azad edilməsi düşməni dərindən sarsıdıb və müharibənin taleyini həll edib. Yenilməz Azərbaycan Ordusu sıx meşələrin içərisindən keçərək sıldırım qayalıqlardan dırmaşıb və düşmən ordusunu qəfil həmləsi ilə çaşqın vəziyyətə salıb. Uğurlu Şuşa əməliyyatı və şəhərin işğaldan azad olunması müstəqil Azərbaycan Respublikasının hərb tarixinin ən şanlı səhifəsi kimi tarixə həkk olunub. Bugünkü Şuşa yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də Vətən müharibəsindəki şanlı Qələbəmizin əsas rəmzidir. Ümumilikdə isə Şuşa həm təbii-coğrafi gözəlliyinə və təbii iqlim xüsusiyyətlərinə, həm də Azərbaycanın ictimai-siyasi və mədəni tarixində oynadığı rola görə müstəsna əhəmiyyətə malik bir şəhərdir. Şuşa özündə tarixiliklə müasirliyi əks etdirən, möhtəşəm tarixi zəfərimizin əsas rəmzi kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.
Ramin Əliyev,
YAP-ın fəalı