AnalitikaGündəmOrduSiyasət

Bayrağımız şərəfimiz və qürurumuzdur, onun daim yüksəklərdə dalğalanması üçün çalışmalıyıq

“Müasir dövrdə bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılırsa, bu, xalq üçün onun mənliyini, kimliyini ifadə edən xüsusi atributdur. Bayraq bir dövlət rəmzi olub, müharibələr zamanı öndə aparılan, Vətən uğrunda şəhid olanların nəşi, məzarı üzərinə salınan müqəddəs atributdur. Bayrağın təşkil olunduğu rənglər, onun üzərindəki rəmzlər xalqın hansı etnik mənsubiyyətə, mədəniyyətə, dinə sahib olduğunu, onun hansı amallar uğrunda mübarizə apardığını da göstərir”.

Bunu “İcxeberinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, bu gün Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən, milli identikliyin təzahür formalarından biridir: “Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Bu mənada, özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

“Bayrağımız önündə ümummilli lider Heydər Əliyev, Onun əsasını qoyduğu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyev baş əyərək, and içib” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu gün böyük iftixarla öpüb altından keçdiyimiz üçrəngli bayrağımız xalqımız üçün arzu olub: “Bu səbəbdən bayrağımıza, dövlətçiliyimizə sadiqliyimizi heç zaman unutmayaq. Çünki bayraqları bayraq edən üstündəki qandır. Vətənin müdafiəsi zamanı həlak olmuş şəhidlərimiz torpağa tapşırılarkən, onlar uğrunda canlarını fəda etdikləri bayrağa bükülürlər. Həmin şərəfə hər kəsin sahib olmayacağını bildiyimiz üçün ən azından həyatda ikən bayrağımızın yüksək zirvələrə daşınması naminə işlər görməliyik. Status və vəzifəmizdən asılı olmayaraq, bayrağımızı şərəfimiz və qürurumuz bilib, onun daim yüksəklərdə dalğalanması üçün çalışmalıyıq”.

Ramil Vəlibəyov diqqətə çatdırıb ki, bu gün Azərbaycan bayrağının Şuşada, Xankəndidə, Xocalıda, həmçinin Qarabağın, Şərqi Zəngəzurun bütün ərazilərində dalğalanması da bir daha dövlətimizin qüdrətini, xalqımızın ucalığını nümayiş etdirir.

Oxşar Xəbərlər

Back to top button