AnalitikaGündəmOrdu

Əbədi yaşayacaq şanlı Zəfər tariximiz

XX əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistan Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları ilə çıxış edərək, açıq formada təcavüzə başlamışdır. Həmin dövrdə ölkədəki siyasi hərc-mərclikdən istifadə edərək torpaqlarımızın 20%-ni işğal etmişdir. 1 milyondan artıq Azərbaycan vətəndaşı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Ermənistanın hərbi təcavüzünün nəticələrini aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar, Ermənistanın təcavüzkar mövqeyinə görə nəticə verməmişdir. Ermənistanın ölkəmizə qarşı 2020-ci il 27 sentyabrdan başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başladı. Müasir dünya tarixinə qızıl hərflərlə yazıldı Vətən müharibəsi. Vətənpərvər oğullarımız erməni təcavüzünü qəhrəmancasına dəf edərək, əks-hücuma keçib düşmənə sarsıdıcı zərbələr endirdi. Ordumuzun Qarabağda başladığı əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Azərbaycan böyük qələbəni noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Düşmənin kaputilyasiya yolunu seçməkdən başqa çarəsi qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, iradəsini, Azərbaycan ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha öz təsdiqini tapdı. Vətən müharibəsi, “Dəmir yumruq” əməliyyatı, 2-ci Qarabağ savaşı, Böyük Qələbə kimi də adlandırılan bu 44 günlük şanlı zəfər tarixindən artıq dörd il ötür. Bu 44 gündə Azərbaycan bütün dünyaya səs saldı. O elə bir səs idi ki, heç bir beynəlxalq təşkilat tərəfindən, heç bir bəyanat və danışıqlar nəticəsində həll yolunu tapa bilməyən gerçəkləri, bu 44 günün tamamında öz həqiqətlərini dünya birliyinə hayqırdı. Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Qeyd edek ki, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19 sentyabr 2023-cü il tarixində bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Azərbaycan Silahlı Qüvvələri tərəfindən, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmayıb, yalnız legitim hərbi hədəflər sıradan çıxarılıb. Ermənistan Silahlı Qüvvələri birləmələrinin strateji əhəmiyyətli yüksəkliklərdə yerləşən hərbi obyektləri və döyüş texnikası dəqiq atəş zərbələri ilə məhv edilib.

Azərbaycan Respublikası dəfələrlə bayan etmişdir ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. 2023-cü il sentyabrın 20-də saat 13:00-da separatçı rejim, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim olaraq ağ bayrağını qaldırdı. Qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyub, döyüş mövqələrindən və hərbi postlardan çıxdı, ərazilərimizi tərk etdilər. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun qarşısında duruş gətirə bilməyən Ermənistan silahlı qüvvələri, 24 saatlıq anti-terror əməliyyatımızın qarşısında da davam gətirə bilmədi. Ermənistan silahlı qüvvələrinə qarşı başlanılmış əks-hücum əməliyyatlarında dövlətimizin əldə etdiyi möhtəşəm qələbələr haqqında kitablar yazılacaq, filmlər çəkiləcək. Qələbəmizin payında Vətənə canını fəda edən şəhidlərimiz, öz sağlamlıqlarını qurban verən qazilərimiz, bu cür mərd oğulları yetişdirən valideynlərin, heç nəyə baxmadan onları gözüyumulu cəbhəyə yola salan mərd xanımların, ata yolu gözləyən uşaqların da böyük rolu var idi. Amma bu gün tam əminliklə deyə bilərik ki, bu qələbələrin, cəbhə uğurlarının ən başlıca səbəbi Prezident,  Ali Baş Komandan, dahi sərkərdə İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin yüksək  ruh yüksəkliyi oldu. “Dəmir Yumruq” əməliyyatı bir daha göstərdi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button