AnalitikaGündəmOrduQarabağ və Şərqi Zəngəzur

Təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi

2020-ci ilin sentyabrın 27-də kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qaldı və mülki şəxslər, hərbiçilər arasında itkilərimiz oldu. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev Azərbaycan əsgərinə işğal altında olan torpaqlarımızın azad edilməsi və işğala son qoyulması haqqında əmr verdi. Azərbaycan cəmi 44 gün ərzində öz gücünə tarixi ədaləti bərpa etdi. Baxmayaraq ki, Dağlıq Qarabağın ərazisinin coğrai relyefi düşmən üçün daha əlverişli idi, lakin əsgər və zabitlərimiz qəhrəmanlıq, şücaət göstərərək, şərəfli missiyanı yerinə yetirdilər və torpaqlarımız düşmən tapdağından azad olundu. Cəbrayıl, Füzuli, Qubadlı rayonları, eyni zamanda Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi döyüş meydanında düşməndən təmizləndi və müqəddəs şanlı Azərbaycan bayrağı orada dalğalandırıldı. Noyabrın 8-də Şuşa şəhəri düşməndən azad edildi və bununla da Ermənistan təslim olmağa məcbur edildi. Şuşanın azad edilməsi olduqca mühüm tarixi hadisə idi. Qəhrəman övladlarımız Şuşanı dağlardan, dərələrdən, qayalardan keçərək, əlbəyaxa döyüşdə azad etdilər. Şuşanın 30 ilə yaxın hərbi-siyasi əsarətdən xilas edilməsi ayrıca qəhrəmanlıq dastanıdır. Daha sonra daha 70 kənd azad edildi və Ermənistan ağ bayraq qaldıraraq, diz şökdü. Beləliklə, biz Ermənistanı döyüş meydanında məhv etdik. Uzun illər dillər əzbəri olan güclü Ermənistan ordusu haqqındakı mif darmadağın edildi. Noyabrın 10-da Ermənistan məcbur qalaraq, kapitulyasiya aktına imza atdı. Bu akta görə, Kəlbəcər, Laçın və Ağdam rayonları bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. 2020-ci ilin dekabr ayının 10-da “Dəmir yumruq” əməliyyatında – Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Qələbə paradında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, iki ölkənin dövlət və hökumət üzvləri, həmçinin diplomatik korpusların nümayəndəlikləri də iştirak ediblər. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də paradda nümayiş etdirildi. Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi.  Ermənilərin uzun illər yaratdıqları mifi darmadağın oldu. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası və canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Bütün bunlarla yanaşı Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə də uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi.

Sevinc Qəhrəmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button