Azərbaycan Xalq Cümhuriyyəti

Bu günlərdə müsəlman Şərqində ilk parlamentli respublika olmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü tamam olur.Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir. Cəmi 23 ay yaşamasına baxmayaraq,Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin timsalında parlamentli respublika kimi yeni bir dövlətçilik ənənəsinin əsası qoyuldu.Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Bu amillər Azərbaycan xalqının milli dövlətçiliyə və demokratik dəyərlərə bağlılığının tarixi ənənələrinin mövcudluğundan xəbər verir.Təəsadüfi deyil ki, biz bu gün müstəqilliyimizin bərpasından danışırıq, yəni 1920-ci ildə itirilmiş müstəqilliyimiz 1991-ci ildə yenidən bərpa olunub. Ümummilli Lider deyirdi: “Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi.”
Azərbaycanın müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir dövrdə Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaq təhlükəsindən xilas oldu, öz müstəqilliyini qoruyub saxladı.Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə, həmçinin fəaliyyətinin Naxçıvan mərhələsində Azərbaycanın müstəqil gələcəyi üçün mühüm addımlar atdı.İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının işğaldan azad olunmuş torpaqlarımızda dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.Bu gün Azərbaycan azsaylı ölkələrdəndir ki, müstəqil siyasət həyata keçirir.Ölkəmiz bütün dövlətlərlə bərabərhüquqlu əlaqələr yaradır, münasibətləri öz maraqları əsasında davam və inkişaf etdirir. Bunun da əsasında Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi dayanır.
YAP Şuşa rayon təşkilatının gənc fəalı,
Əliyeva Vəfa



