Xalq Cümhuriyyətinin varisi

Azərbaycan xalqı Qafqaz regionunda ən qədim dövlətçilik ənənəsinə malik olan xalqdır.Eradan əvvəl III minillikdən müasir dövrədək Azərbaycan ərazisində 50-yə yaxın dövlət mövcud olub. Azərbaycanın tarixi-coğrafi hüdudları da məhz bu dövlətlərin sərhədləri əsasında formalaşıb. Yüz altı il bundan əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.Ondan sonrakı dövrdə Azərbaycan Sovetlər İttifaqının tərkibində respublika olaraq yaşadı, inkişaf etdi. O dövrdə Azərbaycan böyük inkişaf yolu keçdi.
1991-ci ilin sonunda Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdi.Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Bu gün müstəqil Azərbaycan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli addımları sayəsində işıqlı gələcəyə doğru inamla irəliləyir. Ulu Öndərin dediyi kimi, “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”.Bu gün ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycan 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisidir.
YAP Şuşa rayon təşkilatının gənc fəalı,
Aynurə Məlikova



