Şuşa tarixi günlərini yaşayır

44 günlük savaşdan sonra Qarabağ və Şərqi Zəngəzur dirçəliş-bərpa dövrünü yaşayır. Azərbaycan dövləti artıq 4 ildir ki, azad olunmuş ərazilərimizdə quruculuq işlərini sürətlə davam etdirir. 4 ildir dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, əlavə gəlirlər də quruculuq işlərinə yönəldilib.Sevindirici haldır ki, müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılmasına start verilib.
Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə Füzuli və Laçın rayonlarına, Şuşa şəhərinə səfər edən dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak ediblər və bura köçmüş ilk sakinlərlə görüşüblər. Cənab İlham Əliyev görüşdə mədəniyyət paytaxtımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən geniş bəhs etdi.Həmçinin üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq – Şuşanın ənənəvi üslubunda inşa edilir.Qeyd edək ki, 2022-2026-cı illər ərzində “Böyük Qayıdış”ın bərpasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Proqramı qəbul edilib. Bu proqramda Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev müvafiq nazirliklər, eləcə də komitələr qarşısında ciddi məsələlər qoyub. Qarşıya qoyulan məqsədləri həyata keçirməklə bağlı maliyyə mənbələri müəyyənləşdirilib.
Şuşa sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Leyla Babışova,
YAP Şuşa rayon təşkilatının sədr müavini



