Analitika

Azərbaycan strateji hədəflərini ardıcıl olaraq reallaşdırır

Prezident  İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşada ilk yaşayış kompleksinin açılışında iştirak edərək şəhərə köçmüş sakinlərlə görüşü sakinlərin yaddaşında unudulmaz tarixi bir gün kimi qalacaq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü olaraq, təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Abadlaşan və daha da gözəlləşən Şuşa şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Qeyd edək ki, köçürülən ailələr Şuşa  şəhərində yenidən tikilən evlərdə məskunlaşırlar.

Hərb meydanında sözünü deyən Azərbaycan bu gün quruculuq meydanında da imza atdığı lahiyələri ilə sözünü deyir. Bu gün Şuşada və digər şəhərlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarına uyğun aparılır. Xüsusi vurğulanmalı məqam isə ondan ibarətdir ki, işğaldan azad olunan ərazilərimizdə insanların rahat yaşaması üçün bütün məqamlar nəzərə alınmışdır. Bu, həm də qabaqcıl təcrübənin tətbiqi deməkdir. Dünyada bu layihələrə daxil olan komponentlərə ağıllı infrastruktur və xidmətlər, ağıllı təsərrüfat və biznes, həmçinin ağıllı idarəçilik sistemi aiddir. Ağıllı idarəçilik sistemində əsas məqsəd vətəndaşın vaxtına qənaət, həmçinin hansısa süni əngəllərin meydana çıxmasının qarşısının alınması və əlçatanlığın tam təmin olunmasıdır.Nəticə etibarilə, Azərbaycan strateji hədəflərini ardıcıl olaraq reallaşdırır.

Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə hər bir səfəri tarixi hadisələlərlə yadda qalır. Müharibədən çıxmış bir dövlət qısa zamanda Böyük Qayıdışın tətənəsini yaşadı. Bu gün işğaldan azad olunan ərazilərimizdə böyük abadlıq, quruculuq işləri davam etdirilir. Tikilən yeni evlər, ictimai binalar, sosial obyektlər əzəli sakinləri qoynuna alır.

Elmir Rzayev,
YAP Şuşa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button