Azərbaycan ilə Almaniya arasında münasibətlər yeni müstəvidə inkişaf edir

Bildiyimiz kimi Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Almaniyaya işgüzar səfərə gedib.Ölkəmizin başçısının təyyarəsi azad edilmiş torpaqlarımızdan- Füzuli Beynəlxalq Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirib. Məhz bu baxımdan səfərin önəmi olduqca böyük idi.Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir.1993-cü ildə yenidən hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət siyasətinin yeni prinsiplər əsasında qurulmasına nail oldu və təbii olaraq Almaniya ilə münasibətlərdə də dönüş yarandı.Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 32 illiyi qeyd olunacaq. Bu müddət ərzində Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq sürətlə inkişaf edib.
Almaniyada dövlətimizin başçısı tərəfindən COP29-un Azərbaycanda keçirilməsinin formalaşdırdığı yeni reallıqları bir daha diqqətə çatdırılıb. Cənab Prezident COP29-la əlaqədar Almaniya ilə əməkdaşlığa və “Petersberq İqlim Dialoqu” formatındakı müzakirələrə dəvətə görə təşəkkürlərini çatdırıb. Bu istiqamətdə atılan addımların ümumi maraqlara xidmət etdiyi vurğulayıb.
Almaniya Asiya qitəsi ilə iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məhz Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olunması ilə birbaşa bağlıdır. Bu bağlılığı şərtləndirən əsas səbəb isə Azərbaycanın bölgədəki geostrateji mövqeyi və regional əhəmiyyətli layihələri ilə qarşılıqlı faydalı əməkdaşlığa verdiyi mühüm töhfələrdir. Bu fakt Azərbaycan Prezidentinin beynəlxalq miqyasda böyük nüfuzunun göstəricisidir.
Xüsusi məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Almaniya ilə Azərbaycan arasındakı münasibətlər, iqtisadi cəhətdən mövcud əhəmiyyətli əlaqələr zəifləmədən və ya məhdudlaşmadan illər ərzində dərin mədəni və sosial dəyərlərlə zənginləşmişdir. Bu cür inkişaf bizi fərəhləndirir. Ölkələrimiz arasında qarşılıqlı etimada və dostluğa əsaslanan əlaqələrin inkişaf dinamikası davam edir. Münasibətlərimiz milli maraqlara uyğun gəlir. İnanırıq ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək və dərinləşəcək.
Şakir Abbasov,
YAP Şuşa rayon təşkilatının 8 nömrəli ərazi partiya təşkilatının sədri



