Analitika

Müzəffər Ali Baş Komandanın hər zaman bəyan etdiyi kimi, bu torpaqlar bizimdir və burada əbədi olacağıq

Dövlət başçısı İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində son 20 ilin uğurlarını şərtləndirən amilləri bir daha diqqətə çatdırdı. Ümummilli Lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 20 ildə uğurlu davamının nəticələri göz önündədir. Azərbaycan dayanıqlı və davamlı inkişafı ilə dünyanın diqqətindədir. İqtisadi tərəqqi hər bir sahədə  uğurlu addımların atılmasını şərtləndirdi. Azərbaycana hansı sahədən diqqət yetirsək böyük inkişafın, tərəqqinin, yeniliyin şahidi oluruq. İqtisadi tərəqqi  ordu quruculuğu sahəsində mühüm addımların atılmasına yol açdı. 20 ilin mühüm uğurlarından biri kimi  düşünülmüş və məqsədyönlü  siyasətin nəticəsində məğrur, yenilməz xalq olmağımızla fəxr edirik. Azərbaycan xalqının başı uca, alnı açıqdır. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimindəki nitqində bu məqamları xüsusi vurğuladı. “2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi” söyləyən Prezident İlham Əliyev bildirdi ki, biz doğrudan da bütün dünyaya böyük xalq olduğumuzu,  öz taleyimizi özümüzün  həll etdiyini sübut etdik. Verilən vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərə imza atdı. Tarixi Qələbəmiz  milli kimliyimizi, qürurumuzu özümüzə  qaytardı. Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etdi. Şəhidlərimizin və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycanın nail olduğu möhtəşəm uğurlar Ulu Öndər  Heydər Əliyevin arzularının həyata vəsiqə almasının təsdiqidir.  Dövlət başçısı İlham Əliyev daim çıxışlarında Azərbaycanın uğurlarından bəhs edərkən bildirir ki, bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Tarixi Zəfərimizdən sonra Azərbaycanın imza atdığı digər qələbələr də ölkəmizin bu sahəyə diqət və qayğısını nümayiş etdirdi. Ötən ilin 19 sentyabr tarixində Silahlı Qüvvələrimizin həyata keçirdikləri bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması da bunun bariz nümunəsidir. Cənab İlham Əliyev andiçmə mərasimində birdaha bu kimi məsələlərə diqqəti yönəldərək bildirdi ki,  bir çox ölkələr bu gün hərbi sahəyə diqqət yetirməyə başlamışlar. Biz isə bunu artıq 20 ildən çoxdur ki edirik və bu gün bizdə əldə edilmiş təcrübə, o cümlədən döyüş təcrübəsi əvəzolunmazdır.  Ordumuz təlimlərdə paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Əgər ölkəmizə  qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq. Bu, bir daha onu deməyə əsas verir ki, ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi əsas vəzifədir: “Bu gün onu da bildirməliyəm ki, bir çox ölkələr üçün bu, əsas vəzifə kimi artıq qəbul olunub, onların hərbi doktrinalarında, onların büdcə xərclərində və digər addımlarda da bunu əyani şəkildə görmək olur. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Ordumuz döyüş meydanında öz gücünü göstərib, Ordumuzda çox yüksək mənəvi ruh var, bizim peşəkarlığımız artır və biz Ermənistanı döyüş meydanında məğlub etmişik. Ona görə bu amil həmişə mövcud olacaq.” Bu qürur qarşıdakı dövr üçün stimulverici amil rolunu oynayır. Son üç ildən artıq dövrün  uğurları bunu deməyə əsas verir. Dövlət başçısı İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verməsi hər birimiz üçün böyük qürurdur.  30 il işğal altında qalan, amma heç zaman əyilməyən, qürurunu sındırmayan torpaqlarımız bu kimi  qürurverici, özündə böyük siyasi və rəmzi mənanı əks etdirən  hadisələrin yaşanmasından sevinclidir. Müzəffər Ali Baş Komandanın hər zaman bəyan etdiyi kimi, bu torpaqlar bizimdir və burada əbədi olacağıq.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button