Zəngilan şəhəri gələcək üçün mühüm strateji əhəmiyyət kəsb edir
Kəlbəcər–Laçın iqtisadi rayonuna daxil olan Zəngilan rayonu iqtisadi və coğrafi nöqteyi-nəzərdən əlverişli potensiala malikdir. Hər iki tərəfdən müxtəlif ölkələrlə həmsərhəd olan rayon qərbdə dağlıq, şərqdə düzənlik əraziyə malikdir. Bu özəlliklər Zəngilan rayonunun şaxəli resurslara malik olması ilə bağlı ilkin təəssüratları formalaşdırır.Torpaqlarımızın işğaldan azad olunmasından keçən qısa müddət ərzində həmin bölgələrdə aparılan bərpa və yenidənqurma işləri, Zəngilanda Beynəlxalq Hava Limanının açılışı, Azərbaycanın postmünaqişə dövrü üçün böyük planlarının olduğunun göstəricisidir. Hava limanının açılışı, Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsi, Zəngəzur dəhlizinin hava nəqliyyat infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Bütün bunlar Zəngəzur dəhlizinin açılacağı, ərazilərin beynəlxalq logistika mərkəzinə çevriləcəyi günü daha da yaxınlaşdırır. Ermənistanın 30 ilə yaxın işğalı dövründə dağıdılan, yerlə-yeksan edilən hər bir yaşayış məntəqəsində abadlıq-quruculuq işləri sürətlə davam edir.
Eyni zamanda, 2021-ci ilin oktyabrın 26-da, Prezident İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına başlanılmışdır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu həm də strateji əhəmiyyəti ilə seçilir. Çünki ümumi uzunluğu 124 kilometr olan bu yol Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanı onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Həmçinin strateji əhəmiyyətə malik avtomobil yolu ilə yanaşı inşası nəzərdə tutulan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti də əhəmiyyətli hadisədir. Bu dəmir yolu istər Azərbaycan, istərsə də region ölkələri üçün böyük strateji önəm daşıyır.
Füsunkar təbiəti ilə seçilən Zəngilan rayonunun böyük iqtisadi potensialı var ki, burada da turizmin inkişafı əhəmiyyətli rol oynayacaq. Bununla yanaşı, Zəngilan rayonu təbii ehtiyatların çoxluğuna görə də fərqlənir. Belə ki, rayonun Vejnəli kəndində 6.5 ton qızıl ehtiyatı mövcuddur və güman olunur ki, müasir texnologiya ilə qiymətləndirmə aparılan zaman daha çox ehtiyatların aşkarlanması mümkün olacaq. Vejnəli yatağı eyni zamanda filiz, gümüş, mis təbii ehtiyatlarına malikdir.
Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurub, işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişdilər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları – hərbçilər istifadə edirdilər. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması prosesi gedirdi. Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub – Bəsitçay təbiət qoruğu. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir. Amma bütün bunlara baxmayaraq, Azərbaycan qurur, yaradır. Ölkə başçısının da qeyd etdiyi kimi, Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri artıq başlanıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur.
Qarabağda və Şərqi Zəngəzurda davam edən tikinti və yenidənqurma işləri sürətlə davam edir. Qısa zaman ərzində bu bölgələrdə əldə olunan nailiyyətlər Azərbaycanın siyasi və iqtisadi cəhətdən nə qədər güclü olduğunu göstərir.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı