Azadlığına qovuşmuş şəhər-Füzuli
Bu gün Qarabağ üçün tarixi günlərdəndir. 30 illik Ermənistan işğalının sona çatmasından sonra ilk dəfə azad Qarabağda məskunlaşmaya start verildi. Füzuli şəhərində məskunlaşmaya Qarabağa Böyük Qayıdışın başlanğıcıdır. Bu gün 23 ailə yeni qurulan Füzuli şəhərində mənzil sahibləri oldular. Bu ay bütövlükdə 144 ailənin Füzuli şəhərinə qayıdacağı gözlənilir.
Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz 2020-ci ildə Füzuli şəhərini işğaldan azad edən zaman üçrəngli Azərbaycan bayrağını asmaq üçün dağıdılmamış bir tikili belə tapmaq mümkün olmamışdır. Ermənistan işğalı nəticəsində şəhəri tamamilə dağıdılaraq xarabalığa çevrilmişdi. Artıq Füzuli şəhəri bərpa edilir və müasir standartlara uyğun olaraq yenidən qurulur. Qarabağın hava qapısı olan Füzuli şəhəri bu gün öz doğma sakinlərini qarşılayaraq yeni mərhələyə qədəm qoyur.
Bu ilin sonunadək 800 ailə oraya qayıdacaq. Sentyabrda 30 ildən sonra Füzuli şəhərində ilk zəng səslənəcək. Şəhərdə inşa edilən orta məktəb, demək olar, istifadəyə hazırdır. 2020-ci ilin 17 oktyabrında ölkənin hər yerində Füzulinin azad olunmasının qələbə sevinci yaşanırdı. Prezident İlham Əliyev rayonun erməni işğalçılarından təmizləndiyi xəbərini vermişdi. Bu tarixdən etibarən füzulilərin torpaq həsrəti bitdi, azərbaycanlılar üçün daha bir şərəfli səhifə açıldı.
Füzuli Vətən müharibəsinin gedişində Hadrut qədər çətin döyüşlər gedən ərazi idi. Ona görə də ona “ döyüşən şəhər “ adı verildi. Cənab Prezident İlham Əliyev müharibə gedən ərəfədə Füzuli əməliyyatının hərbi kitablara salınacağını bildirməklə, bu döyüşlərin ağırlığını, necə bir qəhrəmanlıqla qazanıldığını xalqın təsəvvüründə canlandırırdı və yaddaşında əbədi möhkəmləndirirdi.
Füzulidə sıfırdan infrastruktur yaradılır. Məqsəd geri dönən insanların çörəyini öz zəhmətilə qazanmasına şərait yaratmaqdır. Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada işğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq Mərkəzi Park da salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. Səkkiz ay ərzində Füzuli Beynəlxalq Hava Limanı tikilib istifadəyə verildi.Bu hava limanından həm xarici, həm də daxili uçuşlar həyata keçirilir. Hava limanının fəaliyyəti Füzuli və digər rayonların yenidən qurulması işində çox əhəmiyyətli rol oynayır. Füzulidən keçən kommunikasiya xətləri yenilənib, müasir standartlara cavab verən avtomobil yolları tikilir. Burada elektrik xətləri yenidən qurulur, yeni yarımstansiyalar istifadəyə verilir. Təbii ki,görülən bütün işlər Füzulidə həyatı dəyişəcək. Füzulinin inkişafı görülməmiş səviyyədə təşkil olunacaq. Füzulililərin uzun illər işğaldan çəkdiyi əziyyətlər yenilənmiş Füzuliyə qayıtmaqla yaddan çıxacaq. Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf mərkəzinə çevriləcək.
Ofelya Nəsirova,
YAP-ın fəalı