Azərbaycanın MDB üzv dövlətləri ilə təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyəti və əməkdaşlığı
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müstəqil dövlət kimi bir sıra beynəlxalq və regional təşkilatlara üzv olmuşdur. Bu qurumlar arasında MDB-nin xüsusi yeri vardır. Ölkəmiz MDB-yə daxil olan dövlətlərlə ikitərəfli əməkdaşlığın genişlənməsinə böyük önəm verir və bu istiqamətdə uğurlu əməkdaşlıq həyata keçirir. Tarixi dostluq ənənələrinə, qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq getdikcə daha da dərinləşən, intensivləşən münasibətlər ölkələrin milli maraqlarına xidmət edir. Bu gün isə Ulu Öndər irsini uğurla davam etdirən müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev MDB çərçivəsində əməkdaşlığa xüsusi önəm verməkdədir.
Bu gün birlik ölkələrinin təhlükəsizlik məsələləri üzrə, həmçinin MDB məkanında sabitliyin pozulmasına yönələn destruktiv fəaliyyətə və yeni çağırışlara qarşı səyləri birləşdirmək cəhdi həqiqətən böyük önəmə malikdir. Ölkələrimizin yerləşdiyi regionlarda, əlbəttə, xarici təhdidlər mövcuddur və bu istiqamətdə operativ iş riskləri minimuma endirir və ölkələrin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyini, dövlətlərimizin bir çox çağırışların öhdəsindən uğurla gəldiyini görmək sevindiricidir.
Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə işğal altında saxlanılması regional təhlükəsizliyi təhdid edən əsas problem idi. Bu gün bu maneə aradan qaldırılıb və indi davamlı sülhün təmin olunması üçün unikal fürsət yaranıb. Azərbaycanb Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin yaradılması üçün hər zaman ardıcıl mövqe nümayiş etdirib. 44 günlük Vətən müharibəsindən sonra imzalanan üçtərəfli Bəyanatın bəzi müddəalarının Ermənistan tərəfindən yerinə yetirilməməsi bu ölkənin ənənəvi təcavüzkar siyasətini davam etdirmək niyyətinin göstəricisi idi. Buna baxmayaraq Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşmasına və sülh sazişi üzərində işi davam etdirməyə hər zaman hazır olub. Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi Cənubi Qafqazda davamlı sülhün yaradılmasının başlıca formuludur.
Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.