Xalqın etimad və rəğbət bəslədiyi lider
Hər bir xalqı dünyada məşhurlaşdıran təkcə onun zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevdir. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinə qısa nəzər salsaq bu fikrin qəti qənaət olduğunun şahidi olarıq. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə əsrə bərabər inkişaf yolu keçib. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən İlham Əliyev 42 yaşında idi və demişdi: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”. Hazırda ömrünün 62-ci ilində İlham Əliyev cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi alternativsiz liderə çevrilib. Ötən 20 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimizin özünün də böyük fəxrlə qeyd etdiyi kimi, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlər cərgəsinə çıxarıb. Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir. Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentimiz mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür. Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev düşmənin sülh yolu ilə işğal olunmuş torpaqlarımızdan çıxmayacağını, problemin yalnız hərb yolu ilə həll olunması zəruriyyətini anladığından ölkəni addım-addım müharibəyə hazırladı, ordunun qüdrətini artırdı, müdafiə sənayesini gücləndirirdi. O, eyni zamanda qarşıdakı müharibənin taleyinin yalnız hərbi əməliyyatların gedişindən deyil, həm də informasiya cəbhəsində aparılan savaşdan asılı olduğunu anlayırdı. Buna görə də ölkənin müdafiə qüdrətini yüksəltməklə yanaşı diplomatiya və informasiya cəbhəsində də illər idi ki, hazırlıq görürdü. Müharibənin getdiyi 44 gün ərzində İlham Əliyev Türkiyə, Rusiya ABŞ, Fransa, İtaliya, Almaniya, İngiltərə, İspaniya, Yaponiya və Qətərdən olan tanınmış, on milyonlarla, yüz milyonlarla auditoriyası olan nəhəng media qurumlarının əməkdaşlarına 30-a yaxın müsahibə verərərək xalqının haqq səsini dünyaya çatdırdı, dünya ictimai fikrində dövlətimizə qarşı mənfi reaksiyanın yaranmasına imkan vermədi. İlham Əliyev müsahibələrində jurnalistlərin müxtəlif səpkili suallarına səlist, məntiqli cavablar verir, dünya ictimaiyyətinə Ermənistanın işğalçı üzünü tanıdır, Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını nəzərə çatdırırdı. Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Xalqımız ölkənin yüksələn rifahı, dövlətin təhlükəsizliyi və beynəlxalq arenada nüfuzunun yüksəldilməsi sahəsində həyata keçirdiyi işlərə görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edir, onunla qürur duyur.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi