15 Oktyabr 2003 -cü il Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsi
Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir.
Ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin davamçısı cənab İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib.
O, 15 oktyabr 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının prezidenti seçildi. Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır.
2003-cü ildə dünyanın ən gənc prezidentlərindən biri kimi fəaliyyətə başlayan İlham Əliyev Azərbaycan kimi çox mühüm geosiyasi mövqeyə və əhəmiyyətə malik olan, qlobal maraqların və ziddiyyətlərin kəsişdiyi məkanda yerləşən bir ölkəyə başçılıq edir. Etiraf edək ki, bu olduqca çətin tarixi missiyadır. Lakin buna baxmayaraq ölkə başçımız çox qısa bir zaman kəsiyində bütün dünyada böyük hörmət və nüfuz qazandı.
Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentimiz mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür. Qlobal böhranlardan çıxış yolları axtarışında onun fikrinə, rəyinə hörmətlə yanaşılır.
Azərbaycanın dövlət başçısı yaradıcı prezidentdir. Ölkə başçısının bütün fəaliyyəti aydın sübut edir ki, ehkamçılıq ona yaddır. Bizim prezidentimiz dünyada sürətlə gedən dəyişikləri diqqətlə izləyir, dövlət idarəçiliyini zamanın tələblərinə uyğun olaraq daim təkmilləşdirir, keçmiş irsi yaradıcılıqla inkişaf etdirir.
Dünyada ən sürətli templərlə inkişaf edən Azərbaycanın iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artdı, qeyri-neft ixracı 4,1 dəfə çoxaldı. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdırıldı.
2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyuldu. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşdı. Prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları şəhərlə kənd arasında fərqi aradan qaldırdı. Bu gün Azərbaycanın regionları bütün zəruri infrastrukturla təmin olunub və Avropanın şəhər və kəndlərindən heç də geri qalmır.
Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevirdi.
Ali Baş Komandan ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti daha çox xarici siyasətdə özünü göstərdi. Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Ölkəmizin dostlarının sayı çoxaldı, bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olundu. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı və qəbul edildi. Bunu sübut edən ən böyük amillərdən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi oldu.
Prezident İlham Əliyev bu gün təkcə Azərbaycanın deyil, bütün türk-islam dünyasının öndə gedən böyük siyasətçisidir, Yeni dövrün Yeni Lideridir.
Yeri gəlmişkən, ölkə başçımızın “Dağlıq Qarabağ münaqişəsi” ilə bağlı ardıcıl və cəsarətli mövqeyini onun Azərbaycan və türk diasporlarının fəaliyyətlərini əlaqələndirmək təşəbbüsü ilə çıxış etməsi və 2007-ci ilin 9 martında Bakı forumunun keçirilməsinə nail olması da parlaq nümayiş etdirir. Onun bu sahədəki fəaliyyəti bütün türk dünyasının daha parlaq gələcəyinə etibarlı təminat verir.
Azərbaycan Respublikasının prezidenti Ali Baş komandanın uğurlu siyasəti və rəşadətli ordumuzun göstərdiyi cəsarətin nəticəsi olaraq işğal altında olan torpaqlarımız azad edildi.
Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Otuz il davam edən işğala, ədalətsizliyə 44 gündə son qoyuldu. Ulu Öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı olan Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən Azərbaycan xalqı öz prezidentinə güvənir və qarşıda bizi daha böyük zəfərlərin gözlədiyinə inanır.
Salayeva Məryam,
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində
Qida Sənayesi Kollecinin operatoru