Analitika

Azərbaycan və Gürcüstan dostluq əlaqələri sürətlə inkişaf edir

Azərbaycan ilə Gürcüstan arasında mövcud olan strateji münasibətlər xalqlarımız arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələri üzərində qurulub. Bu gün münasibətlərimiz, dövlətimizin həyata keçirdiyi və beynəlxalq hüquqa, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət sayəsində daha da genişlənir və möhkəmlənir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dünyamızın yeni çağırışlarına uyğun şəkildə inkişaf etdirilərək uğurla həyata keçirilən xarici siyasət kursu beynəlxalq hüquq prinsiplərinin aliliyinə, praqmatizmə, qarşılıqlı-faydalı və çoxqütblü əməkdaşlığa əsaslanan mükəmməl bir strategiyadır. Məhz bu siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunun durmadan artmasını, mövqelərinin möhkəmlənməsini təmin edir. Həmçinin Azərbaycan hər zaman qonşu ölkələrlə ən səmimi dostluq əlaqələrinin qurulmasında maraqlı olduğunu nümayiş etdirib.

Əlbəttə ki, bu gün Azərbaycan ilə Gürcüstan arasında formalaşmış əməkdaşlıq əlaqələrinin əsasında iki xalqın min illər tarixi olan qonşuluq və dostluq münasibətləri durur. Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq əlaqələri və enerji sahəsində əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün böyük töhfədir. Ölkələrimiz arasında davamlı dostluq əlaqələri bu gün Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət kəsb edən məsələlərdən biridir.

Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri mövcud əlaqələrin davamlı xarakter daşımasına söykənir. Bu, Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək və bölgədə gedən proseslərin, təhlükəsizliklə bağlı olan məsələlərin birgə müzakirələri əməkdaşlığın yeni müstəviyə yüksəlməsinə səbəb olacaqdır.

Hazırda Azərbaycanla Gürcüstan arasında siyasi, iqtisadi, ticari, mədəni və bir çox digər sahələrdə əməkdaşlıq münasibətləri dinamik inkişaf edir. Azərbaycan şirkətləri qonşu dövlətə ciddi sərmayə yatıran şirkətlər sırasında olmaqla, həm də bu ölkədə ən böyük vergi ödəyiciləridir.

Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button