Regiondakı güclü dostluq münasibətlərinin təcəssümüdür-Azərbaycan-Gürcüstan əlaqələri
Azərbaycan Respublikası keçdiyi uzun tarix dövr ərzində həmişə sülhün və sabitliyin tərəfdarı olmuşdur. Ölkəmizin digər dövlətlərlə qurduğu əməkdaşlıq, beynəlxalq əlaqələr buna ən böyük nümunədir. Bu dövlətlərdən biri də şimal-şərq qonşumuz, bir sıra böyük layihələrdə ortaqlıq etdiyimiz Gürcüstandır. Azərbaycan-Gürcüstan arasındakı əlaqələr, dostluq-qardaşlıq münasibətləri əsrlər boyu davam edib və bu gün də davam etməkdədir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il 18 noyabr tarixində qurulub. Ulu Öndər Heydər Əliyev və Gürcüstanın o vaxtkı rəhbəri Eduard Şevardnadze arasındakı sıx dostluq münasibətləri hər iki xalq müstəqil olduqdan sonra da davam etmiş və daha da inkişaf etmişdir. Qonşu dövlətin Ulu Öndər Heydər Əliyevə qarşı göstərdiyi hörmətin sübutudur ki,bu il digər bir çox ölkələrdə olduğu kimi Gürcüstanda da Heydər Əliyevin 100 illik yubileyi qeyd edilir. Gürcüstan dövləti Azərbaycan xalqına qarşı sədaqətini 2020-ci ildə baş verən və 44 gün davam edən Vətən müharibəsi zamanı bəzi ölkələr Ermənistana dəstək verdiyi vaxtlarda təcavüzkar dövlətə silah daşınmasında tranzit ölkə olmaqdan imtina etməsi ilə bir daha göstərmişdir.
Ölkələrimiz arasında bir çox sahələrdə -nəqliyyat, enerji təhlükəsizliyi,ticarət sahələrində böyük layihələr həyata keçirilir. Bakı-Tblisi-Qars dəmir yolu xəttinin, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Bakı-Tbilisi-Erzurum qaz boru kəmərinin inşası və onların davamlı olaraq inkişaf etdirilməsi ölkələr arasında əməkdaşlığın daha da güclənməsinə təkan verir. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan münasibətlərinin yeni müstəviyə daşınmasında hər iki ölkənin dövlət başçılarının bir-birilə həyata keçirdiyi işgüzar səfərlər mühüm rol oynayır. Buna əsasən, 2023-cü il 8 oktyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri baş tutmuşdur. Həmçinin cari il ərzində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizdə işgüzar səfərdə olmuşdur. Həyata keçirilən səfərlər və Cənab Prezidentin yürütdüyü müdrik siyasət sayəsində iki qonşu ölkə arasındakı münasibətlər möhkəmlənir və inkişaf edir.
Abbasova Zərxanım,
YAP-ın fəalı