Artıq Cəbrayıl 3 ildir ki , azaddır!
Dövlətimizin şanlı qələbəsilə başa çatan 44 günlük qəhrəmanlıq savaşımız hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yenilməz ordumuz xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu! Xalqımız öz ata-baba torpaqlarına qovuşdu .
İşğal edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayılda da Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irs talan edilib, saxtalaşdırılıb, həmçinin dağıdılıb. Rayon ərazisində Araz çayı üzərində XI-XIII əsrlərdə inşa edilən dünya əhəmiyyətli Xudafərin körpü abidəsi, habelə Dağ Tumas kəndindəki XIII-XIV əsrlərə aid türbə, Cəbrayıl şəhərinin yaxınlığında orta əsrlərə aid qəbiristanlıq və digər abidələr vandalizmə məruz qalıb. Həmçinin rayon ərazisində olan evlər və ağaclar məhv edilib.
Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə irimiqyaslı bərpa-quruculuq layihələrinə start verdi, Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələyə qədəm qoyaraq rayonların sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edən layihələrin icrasını həyata keçirməyə başladı.
Vətən müharibəsindəki qələbədən sonra işğaldan azad olunmuş ərazilərimiz minalardan və partlamamış hərbi sursatlardan təmizlənməyə başlandı, bununla yanaşı müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin və nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində də mühim işlər görülməkdədir.
Bu gün 4 oktyabr Cəbrayıl Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından 3 il ötür. Bütün cəbrayıllılar bu günü böyük sevinclə qeyd edir və bu günün təsis olunmasını Prezidenti cənab İlham Əliyevin Cəbrayıla ehtiramı, cəbrayıllılara sevgisi kimi qiymətləndirirlər.
Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.