“Mən Xalqıma Arxalanıram. Ömrümün Qalan Hissəsini də Xalqıma Bağışlayıram”
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub.Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi. Hələ 1969-1982-ci illərdə – Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib aktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb.
Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi. Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu. Ümummilli liderimiz Heydər Əliyev demişdir: ” Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm…” Vətənimizin gələcəyi, amalı və abadlığı biz vətəndaşlarının əlindədir. Vətənin güclü ordusu, yenilməz, qeyrətli əsgəri, mərd oğulları, düşünən beyini varsa o vətən basılmaz, məğlubolunmazdır.
Bütün bu fikirlər məni ‘Azərbaycanın gələcəyini necə görürəm?’ sualına cavab tapmağa, düşünməyə sövq edir. Bu gələcək biz yeniyetmə və gənclərin əlindədir. Biz aldığımız savad və təhsillə keçmişimizi öyrənib gələcəyimizi qurmalı və onu layiqincə yaşatmalıyıq. Bu sahədə mərhum Prezidentimiz Heydər Əliyev öz çıxış və məruzələrində gənclərimizə böyük dəstək olduğunu vurğulayırdı. O, deyirdi ki, bizim qüdrətli dövlətimiz var. Onun daha da inkişaf etməsi siz gənclərdən çox asılıdır. Ulu öndərimiz Heydər Əliyev tərəfindən Azərbaycanımıza bəxş edilmiş tarixi perspektivi onun siyasi varisi olan möhtərəm prezidentimiz İlham Əliyev layiqincə davam və inkişaf etdirir. Ölkə başçısının apardığı daxili və xarici siyasət ölkəmizin daha işıqlı, nurlu gələcəyindən xəbər verir.
Səbinə Kazımova,
YAP-ın fəalı