Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri daha da möhkəmlənməkdədir
Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasəti sayəsində, eləcə də 44-günlük Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanın nüfuzu daha da artmış, etibarlı tərəfdaşa çevrilmişdir. Onu da qeyd etmək lazımdır ki, bununla da əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artıb. Prezident İlham Əliyevin 14 sentyabr tarixində Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində dəvət almışdır. İlk dəfə olaraq Məşvərət görüşündə regiondan kənar ölkənin rəhbəri iştirak edir. Bu, dövlətimizin başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin göstəricisidir.
Hal-hazırda Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq da xüsusi yer tutur. Dövlətimizin başçısı Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında önəmli dialoqu mövcud olduğunu bildirərək deyib: “Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır. Zənnimcə, Mərkəzi Asiya və Azərbaycan gələcəkdə, ilk növbədə, sözsüz ki, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir.”
Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək.
Bu görüşün ən vacib hissəsindən biri də Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələri daha da artır. Təsadüf deyil ki, son illərdə Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, o regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana səfərlər edirlər. Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır. Bunun nəticəsidir ki, bu ilin ilk beş ayı ərzində Azərbaycanın bu bölgənin ölkələri ilə ticarət dövriyyəsinin həcmində artım müşahidə olunub. Xalqımız və dövlətimiz əmindir ki, Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək.
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi