AnalitikaDünyaGündəmSiyasət

Zəngilan – tarixi Zəfərin və Böyük Qayıdışın rəmzi

20 oktyabr Azərbaycan tarixində mühüm əhəmiyyət daşıyan, xalqımızın qürur və sevinc hissləri ilə qeyd etdiyi əlamətdar günlərdən biridir. Bu tarix Zəngilan şəhərinin Ermənistanın işğalından azad edildiyi gün kimi tariximizə yazılıb. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi qeyd olunur.

2020-ci il oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Zəngilan şəhərini işğaldan azad edərək xalqımıza növbəti tarixi qələbənin sevincini yaşatdı. Bu qələbə Azərbaycan əsgərinin qəhrəmanlığının, xalqımızın birliyinin və dövlətimizin gücünün bariz nümunəsi oldu.

Zəngilan zəngin tarixi, füsunkar təbiəti və mədəni irsi ilə seçilən qədim Azərbaycan torpağıdır. İşğal illərində şəhər və rayonun yaşayış məntəqələri dağıntılara məruz qalsa da, xalqımızın doğma torpaqlara qayıtmaq ümidi heç vaxt sönmədi. Zəngilanın azad edilməsi ilə tarixi ədalətin bərpası istiqamətində mühüm addım atıldı.

Bu gün Zəngilanda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Müasir yaşayış məntəqələri, sosial obyektlər, yollar və digər infrastruktur layihələri bölgənin inkişafına yeni imkanlar yaradır. Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi isə Qarabağ və Şərqi Zəngəzurda müasir yaşayış modelinin formalaşdırılmasının mühüm nümunəsidir. Doğma yurdlarına qayıdan sakinlərin öz evlərində yeni həyata başlaması Böyük Qayıdış siyasətinin real nəticələrindəndir.

Zəngilan Şəhəri Günü yalnız tarixi qələbəmizin qeyd edilməsi deyil, həm də Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsidir. Onların qəhrəmanlığı və fədakarlığı sayəsində bu gün azad torpaqlarımızda quruculuq işləri aparılır, həyat yenidən canlanır.

Əminliklə deyə bilərik ki, Zəngilan gələcəkdə Azərbaycanın ən müasir və inkişaf etmiş bölgələrindən birinə çevriləcək. Bu əlamətdar gün xalqımızın milli birliyini, dövlətimizin qüdrətini və doğma torpaqlarımıza bağlılığımızı bir daha nümayiş etdirir.

20 Oktyabr – Zəngilan Şəhəri Günümüz mübarək! Qarabağ və Şərqi Zəngəzur daim inkişaf etsin, doğma torpaqlarımızda həyat və quruculuq davamlı olsun!

Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button