
Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın siyasi tarixində xüsusi yerə malikdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan bu partiya yalnız siyasi təşkilat deyil, müstəqilliyin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və ölkənin inkişaf strategiyasının müəyyən edilməsində aparıcı qüvvə kimi formalaşmışdır.
1990-cı illərin əvvəllərində ölkənin qarşılaşdığı siyasi və sosial böhranlar yeni siyasi gücün meydana çıxmasını zəruri etdi. “91-lər”in çağırışı ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi proseslərə qayıdışı və 1992-ci il 21 noyabrda Naxçıvanda keçirilən təsis konfransı Azərbaycan üçün dönüş nöqtəsi oldu. Bu qərar sabitliyin bərpası və dövlətçiliyin möhkəmlənməsi üçün tarixi addım idi.
Ulu Öndərin uzaqgörən siyasəti sayəsində YAP qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. Onun “dünənin, bu günün və sabahın partiyası” kimi səciyyələndirdiyi YAP, müasir dövlət quruculuğu və milli həmrəyliyin təmin olunması istiqamətində mühüm rol oynadı.
2005-ci ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında YAP-ın fəaliyyəti yeni mərhələyə qədəm qoydu. Partiyanın modernləşməsi, qəbul olunan strateji qərarlar və yeni idarəçilik modeli YAP-ın ölkənin sosial-iqtisadi inkişafına daha çevik şəkildə töhfə verməsini təmin etdi. Mehriban xanım Əliyevanın birinci müavin seçilməsi isə dövlət idarəçiliyində qadınların rolunun mühüm simvoluna çevrildi.
Bu gün Yeni Azərbaycan Partiyası 750 mindən çox üzvü ilə regionun ən böyük siyasi təşkilatıdır. Partiyanın proqramında yer alan “Heydər Əliyev yolu”, “Azərbaycançılıq”, “Müstəqillik”, “Böyük Qayıdış” kimi strateji istiqamətlər ölkənin uzunmüddətli inkişaf prioritetlərinə tam uyğunlaşdırılıb.
YAP-ın beynəlxalq siyasəti milli maraqların qorunmasına, güclü tərəfdaşlıq əlaqələrinin qurulmasına və Azərbaycanın qlobal arenada nüfuzunun artırılmasına xidmət edir. Partiyanın təşəbbüsləri əsasında formalaşan yeni siyasi dialoq modeli isə ölkədə sabitlik, milli birlik və siyasi mədəniyyətin inkişafı üçün mühüm baza yaradır.
33 illik fəaliyyəti ərzində Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsini və Prezident İlham Əliyevin dövlətçilik strategiyasını ardıcıl şəkildə həyata keçirərək müasir Azərbaycan dövlətinin inkişafında həlledici rol oynamağa davam edir.
Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



