
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı verdiyi bəyanat ölkənin xarici siyasət prioritetlərinin əsas istiqamətlərini əhatə edir. Bu istiqamətlər enerji təhlükəsizliyi, yaşıl inkişaf, beynəlxalq nəqliyyat və regional sülh kimi mühüm sahələri özündə birləşdirir. Azərbaycanın enerji strategiyası uzunmüddətli planlaşdırmaya əsaslanır. Təbii qaz ehtiyatlarının səmərəli idarə olunması ilə yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilir. Xarici şirkətlərlə imzalanmış müqavilələr yaxın illərdə minlərlə meqavat həcmində yeni enerji güclərinin istifadəyə verilməsini nəzərdə tutur. Bu isə ölkənin həm daxili enerji balansını gücləndirəcək, həm də ixrac potensialını artıracaq. Ölkənin nəqliyyat imkanlarının genişləndirilməsi də iqtisadi inkişafın vacib istiqamətlərindən biridir. Bakı limanı, dəmir yolu infrastrukturu və beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanı Avrasiyanın əsas tranzit mərkəzlərindən birinə çevirir. Artan yük dövriyyəsi bu sahəyə qoyulan investisiyaların səmərəsini nümayiş etdirir.
Prezident İlham Əliyev bəyanatında regional sülhün artıq praktik nəticələr verməyə başladığını da vurğulayıb. Azərbaycanın Ermənistan istiqamətində tətbiq etdiyi yeni yanaşma, tranzit imkanlarının açılması və iqtisadi əməkdaşlığa yönəlmiş addımlar qarşılıqlı etimadın formalaşmasına xidmət edir. Bu siyasətin əsas məqsədi Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin edilməsidir.
Azərbaycanın Avropa Komissiyası ilə əməkdaşlığı da məhz bu məqsədlərə xidmət edir. Qarşılıqlı etimada əsaslanan münasibətlər enerji, ticarət, logistika və yaşıl inkişaf sahələrində yeni layihələrin reallaşdırılmasına imkan yaradır. Bu əməkdaşlıq həm Azərbaycanın milli maraqlarına, həm də Avropanın enerji və iqtisadi təhlükəsizliyinə mühüm töhfə verir. Mövcud dinamika göstərir ki, Azərbaycan regional lider kimi öz mövqeyini möhkəmləndirməklə yanaşı, beynəlxalq tərəfdaşlıq münasibətlərində də yeni keyfiyyət mərhələsinə yüksəlməkdədir.
Ramil Rüstəmov,
Neft Kəmərləri İdarəsinin əməkdaşı



