
Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilir. Bu işdə iqtisadi islahatların, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının həyata keçirilməsi müstəsna rol oynayır. Məhz bunların sayəsində regionlarda sahibkarlıq inkişaf edir, yeni iş yerləri yaradılır. Prezident İlham Əliyevin vurğuladığı kimi, aparılan islahatlar və əldə olunan iqtisadi artım, ilk növbədə, Azərbaycan vətəndaşlarının maddi rifah halının yüksəldilməsinə yönəldilib. Yoxsulluğun azaldılması, iqtisadiyyatın şaxələndirilməsi, enerji gəlirlərindən səmərəli istifadə olunması, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması regionların inkişafına xidmət edən Dövlət proqramlarının uğurla reallaşdırılması və bu qəbildən olan digər addımlar sayəsində mümkün olub. Son 16 ildə Azərbaycan milli iqtisadiyyatını 3,4 dəfə, o cümlədən uğurlu iqtisadi şaxələndirmə nəticəsində qeyri-neft sektorunu 2,6 dəfə artırıb. Mühüm sosial uğurlar olaraq, əhalinin gəlirlərinin 5,2 dəfə, minimum əmək haqqının 3,5 dəfə, orta aylıq əmək haqqının 4 dəfəyə yaxın, pensiyaların 10,3 dəfədən və sosial müavinətlərin 3 dəfədən çox artırılması, ölkə əhalisinin 26 faizə qədərinin sosial təminat sistemi ilə əhatə olunması, işsizlik və yoxsulluğun 5 faiz səviyyəsinə endirilməsi təmin edilib. Bu müddətdə respublikada sosialyönümlü siyasətin bütün mahiyyəti üzrə gerçəkləşdirilməsinə şəraiti təmin edən, bu sahədəki ənənəvi yanaşma və metodları daha da təkmilləşdirən mükəmməl qanunvericilik sisteminin yaradılması, mühüm Fərman və sərəncamların imzalanması, habelə mövcud beynəlxalq konvensiyaların ratifikasiyası da mühüm önəm daşıyıb. Bir sözlə, Əsas strateji hədəf ölkəmizi daha da gücləndirmək, Azərbaycan dövlətinin qüdrətini artırmaq, müstəqilliyimizi möhkəmləndirməkdir. Dövlət başçısının səsləndirdiyi məlumatlara əsasən, bu sahədə keçirilmiş islahatlar sayəsində 2019-cu ildə vergi və gömrük orqanları dövlət büdcəsinə proqnozdan əlavə 1 milyard manatdan çox vəsaitin daxil olmasını təmin ediblər. Bu, qeyd olunan orqanların fəaliyyətinin şəffaflığının təmin olunması, rəqəmsallaşma mexanizmlərinin tətbiqi, onların fəaliyyətinə nəzarətin gücləndirilməsi və kadr islahatları sayəsində mümkün olub. Qısa müddət ərzində vergidən yayınma, bəyan olunmayan yüklərin daşınması, qeyri-kassa ödənişləri və digər mənfi halların qarşısını almaq mümkün olub. Ölkəmizin başçısının dediyi kimi, sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir. Bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət bunu təsdiqləyir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir.
Rüstəmov Bəhruz,
YAP-ın fəalı