Gündəm

“Sosial və İnklüziv həyatda könüllülük və onun inkişafı” adlı layihənin icrasına START verilib

Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intelektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə 23 noyabr 2023 – 10 yanvar 2024-cü il tarixlərində keçirilmiş “İdeyanı Reallaşdır 2023” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi çərçivəsində “Sosial və İnkluziv” həyatda könüllülük və onun inkişafı adlı layihənin icrasına start verilmişdir.

İcxeberinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) əsas tərəfdaşlığı, “Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin sosial tərəfdaşlığı ilə həyata keçiriləcək layihənin rəhbəri UNEC Qiyabi Əlavə Təhsil Mərkəzinin V kurs tələbəsi Məcidli Fatimə Müşviq qızı layihə barədə geniş məlumat verib.

O qeyd edib ki, bu gün ölkəmizdə əlilliyi olan şəxslərə dövlət qayğısı özünü bir çox sahələrdə həyata keçirilən işlərdə göstərir. İstər mənzillə, istər avtomobillə təminat sahəsində, istərsə də onlara aylıq təqaüdlərin təyinatı sferasında dövlətimiz beynəlxalq standartlara uyğun addımlar atır. Bununla yanaşı, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətə inteqrasiyası, onların mədəni istirahətinin təşkili, özünüməşğulluğunun təminatı, bilik və bacarıqlarının üzə çıxarılması, idmanla məşğul olması sahəsində də səmərəli tədbirlər həyata keçirilməkdədir.

Onun sözlərinə görə, bu kateqoriyadan olan insanlarımıza diqqət ardıcıl xarakterli olmalıdır. Çünki yalnız ildə bir neçə dəfə onlarla görüşmək, tədbirlər əsnasında mükafatlandırmaq onların cəmiyyətə inteqrasiyası prosesinin daha sürətlənməsinə əlavə təkan verə bilmir. Ona görə də düşünürük ki, əlilliyi olan şəxslərin istedadlarının üzə çıxarılması, onların mədəni istirahətinin təşkili mütəmadi və psinsipial xarakter daşımalıdır. Məhz bu layihə çərçivəsində əlilliyi olan şəxslərin müxtəlif sahələrdə bacarıqlarının üzə çıxarılması və mədəni istirahəti üçün tədbirlərin könüllü tələbələrlə birlikdə həyata keçirilməsi nəzərdə tutulub.

Fatimə Məcidli əlavə edib ki, sosial tədbirlərdə könüllüllərin fikirləri, təklifləri və ən əsası onların bu sahəyə göstərdikləri diqqət və qayğı önəmli rol oynayır. Könüllülük fəaliyyətinə sağlamlıq imkanları məhdud olan şəxslərin də qoşulması çox təqdirəlayiqdir.

Layihənin sosial tərəfdaşı “Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin sədri Günay Ağazadə qeyd edib ki, layihənin əsas məqsədi əlilliyi olan şəxslərin müxtəlif sahələrdə bacarıqlarının üzə çıxarılması və mədəni istirahəti üçün tədbirlərin həyata keçirilməsidir. Sözsüz ki, bu məqsədin reallaşmasında könüllülük fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Könüllülük fəaliyyəti gənclər siyasətinə, dövlət-vətəndaş münasibətlərinin inkişafına, yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə dəstək məqsədi daşımaqla, gənclərin əmək bazarına hazırlığında önəmli rol oynayır.

O əlavə edib ki, həyata keçiriləcək tədbirlər ictimai-sosial məsuliyyətlilik, birlik, qayğıkeşlik və yardımsevərlik prinsiplərini ehtiva edir. Layihədə iştirak edən iştirakçılara “Sosial və inklüziv həyatda könülülük və onun inkişafına dəstək”, “Əlilliyi olan şəxslərlə davranış qaydaları”, “Könüllü gənclərin, tələbələrin, şagirdlərin əlilliyi olan şəxslərlə birlikdə tədbirlərdə necə iştirakı?” və bu mövzuda keçiriləcək təlimlərdə mütəxəssislər tərəfindən ətraflı məlumatlar veriləcək, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq və təklifləri qeydə alınacaqdır. Eyni zamanda, əlilliyi olan şəxslərlə birlikdə əl işləri hazırlanacaq, hazırlanmış əl işləri sərgidə nümayiş olunacaqdır.

Onun sözlərinə görə, layihənin sonunda əlilliyi olan şəxslərin və könüllü gənclərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub. Layihədə Bakı şəhərinin ictimaiyyət nümayəndələri, əlilliyi olan şəxslər üçün ixtisaslaşmış müəssisələrin nümayəndələri, dövlət qurumlarının təmsilçiləri, orta məktəblərin, kollec və peşə məktəblərinin şagirdləri, UNEC və bir sıra universitetin “Sosial və inklüziv” həyatda könüllü tələbələri iştirak edəcəkdir. Ümumilikdə 200 nəfərə yaxın şəxsin iştirakı planlaşdırılıb və iştirakçılara sertifikatların təqdim olunması nəzərdə tutulub.

Sonda qeyd olunub ki, “Sosial və İnklüziv həyatda könüllülük və onun inkişafına dəstək” adlı forum, sərgi və konsert proqramı 18-25 sentyabr tarixləri aralığında Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcəkdir.

Oxşar Xəbərlər

Back to top button