Rəşadət Xalıqov: Azərbaycan və Qazaxıstanın sıx əməkdaşlığı bütövlükdə Türk dünyasında birliyin, həmrəyliyin və davamlı inkişafın təminatıdır

“2025-ci il oktyabrın 18-də Prezident İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibə Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlığın, dostluğun və ortaq türk kimliyinə əsaslanan qardaşlığın yüksək səviyyəsini nümayiş etdirdi. Xalqlarımızı birləşdirən tarix, mədəniyyət və mənəvi dəyərlər üzərində möhkəm siyasi və iqtisadi münasibətlər qurulub. İki ölkə arasında qarşılıqlı etimad və səmərəli dialoq əməkdaşlığın bütün sahələrdə dərinləşməsinə şərait yaradır”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyev Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstanda əldə olunan iqtisadi və sosial nailiyyətləri yüksək qiymətləndirərək, qardaş ölkənin dinamik inkişafını təqdir etdi. O, həmçinin Füzulidə Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzini xalqlarımızın mədəni yaxınlığının rəmzi adlandırdı. Eyni zamanda bu il Azərbaycan–Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin 20 illiyi qeyd olunur. Bu dövrdə 170-ə yaxın sənəd imzalanıb, iqtisadi və humanitar əməkdaşlıq mexanizmləri formalaşıb.
“İki ölkə arasında ticarət dövriyyəsi son bir ildə üç dəfə artaraq 547 milyon dollara çatıb, qarşılıqlı sərmayələr isə ümumilikdə 360 milyon dolları ötüb. Orta Dəhliz, nəqliyyat-logistika və enerji layihələri bu tərəfdaşlığın strateji dayaqlarıdır”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Türk Dövlətləri Təşkilatının Azərbaycan–Qazaxıstan münasibətlərinin inkişafında xüsusi rolu var. Şuşa və Qəbələdə keçirilən Zirvə görüşləri türk dövlətlərinin birliyinin möhkəmlənməsinə xidmət edib.
Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstanın sıx əməkdaşlığı bütövlükdə Türk dünyasında birliyin, həmrəyliyin və davamlı inkişafın təminatıdır.