
“20 noyabr Azərbaycan tarixində xüsusi rəmzi məna daşıyan günlərdən biridir. Bu gün işğaldan azad edilmiş Ağdam şəhərinin rəsmi olaraq Azərbaycana təhvil verildiyi tarixi gündür. 27 illik həsrətin bitməsi, ədalətin bərpası və Qarabağın dirçəlişinə doğru atılan ilk addım məhz bu tarixlə bağlıdır. Ağdamın geri qaytarılması Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, güclü diplomatiyasının və Müzəffər Ali Baş Komandan kimi əzmkar rəhbərliyinin parlaq nəticəsidir”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Ağdam işğal dövründə dünyanın ən çox dağıdılmış şəhərlərindən birinə çevrilmişdi. Şəhərin küçələri, yaşayış massivləri, mədəniyyət ocaqları tamamilə məhv edilmiş, Ağdam adeta “Qafqazın Xirosiması” olaraq xarabalığa çevrilmişdi. Lakin 20 noyabr 2020-ci il bu faciəvi mənzərəni dəyişdirən tarixi dönüş nöqtəsi oldu. Azərbaycan Ordusunun qələbəsi və Prezident İlham Əliyevin siyasi qətiyyəti sayəsində Ağdam sülh yolu ilə geri alındı.
Bu, həm Qarabağ müharibəsinin strateji mərhələsi, həm də gələcək bərpa işlərinin başlanğıcı idi.
Prezident İlham Əliyevin Ağdama etdiyi ilk səfərdən etibarən şəhərin dirçəlişi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Dövlət başçısının təqdim etdiyi Ağdam şəhərinin Baş Planı Azərbaycan urbanizasiya tarixində yeni mərhələ açdı. Bu plan üzrə Ağdam “Sülh şəhəri” konsepsiyası əsasında ağıllı idarəetmə sistemləri, yaşıl enerji prinsipləri və modern memarlıq üslubu ilə yenidən qurulur. Şəhərdə salınan geniş bulvar sistemi, 125 hektarlıq Zəfər parkı, yeni idarəetmə və sosial obyektlər Ağdamın gələcək simasını formalaşdırır.
“Bu gün Ağdamda həyatın bərpası təkcə infrastruktur layihələri ilə məhdudlaşmır. Tarixi və dini abidələr də bərpa olunur, xüsusilə erməni vandalizminə məruz qalmış Cümə məscidi öz əvvəlki möhtəşəm simasına qaytarılır. Qarabağın mədəni irsinin yenidən canlandırılması Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərə verdiyi yüksək qiymətin bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamda həyata keçirilən bərpa və quruculuq işləri Azərbaycanın gücünü, dövlətin iradəsini və xalqın birliyini əks etdirir. Bu gün Ağdam gələcəyin müasir şəhəri kimi formalaşır və ölkəmizin iqtisadi, sosial və mədəni inkişaf modelində xüsusi yer tutur” – deyən Rəşadət Xalıqov əlavə edib ki, Ağdam Şəhəri Gününün qeyd olunması həm də Böyük Qayıdışın rəmzidir. Həsrətin yerini ümid, dağıntıların yerini quruculuq, boşalmış torpaqların yerini həyat tutur.



