
27 il işğal altında qalan Qubadlı rayonu, 2020-ci ilin Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun şanlı Zəfəri ilə yenidən azad olundu. Bu mühüm hadisə təkcə torpaqların geri qaytarılması deyil, həm də bölgənin yeni inkişaf mərhələsinə qədəm qoyması demək idi. Məhz bu gündən etibarən Qubadlının yeni inkişaf tarixi yazılmağa başladı.
Azərbaycan hökuməti Qubadlıda sürətli və kompleks bərpa işlərinə start verdi. İlk növbədə minalardan təmizləmə, infrastrukturun yenidən qurulması və məskunlaşma planları həyata keçirilməyə başladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə “Böyük Qayıdış” proqramı çərçivəsində bir çox strateji layihələr reallaşmaqdadır. Bu layihələrin əsas məqsədi Qubadlını əvvəlkindən daha da inkişaf etmiş, müasir, yaşayış və iqtisadi baxımdan cazibədar bir rayona çevirməkdir.
Artıq Qubadlıda bir sıra mühüm layihələrin icrasına başlanılıb. Elektrik enerjisi ilə təminat, yol infrastrukturunun bərpası, su və rabitə xətlərinin çəkilməsi istiqamətində ciddi addımlar atılıb. Xüsusilə “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyası əsasında yeni yaşayış məntəqələrinin inşası planlaşdırılıb və bir neçəsinin tikintisi davam edir. Bu layihələr müasir texnologiyaların tətbiqi ilə dayanıqlı inkişafı təmin edəcək.
Qubadlının kənd təsərrüfatı və təbii ehtiyat potensialı da diqqət mərkəzindədir. İşğaldan əvvəl əkinçilik və heyvandarlıqla tanınan bu bölgə yenidən iqtisadi aktivliyə cəlb olunur. Gələcəkdə Qubadlının ölkə iqtisadiyyatına mühüm töhfələr verməsi gözlənilir. Bununla yanaşı, rayonda turizm potensialının da inkişaf etdirilməsi planlaşdırılır. Təbiəti, çayları, dağları və tarixi abidələri ilə zəngin olan Qubadlı gələcəkdə turizm mərkəzlərindən birinə çevrilə bilər.
Qubadlının yeni inkişaf tarixi təkcə iqtisadi layihələrlə deyil, eyni zamanda sosial və mədəni həyatı ilə də müşayiət olunur. Yeni məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri və idman qurğuları tikilir. Bütün bu tədbirlər sakinlərin rahat və təhlükəsiz şəkildə doğma yurdlarına qayıdaraq burada yaşamasını təmin etmək məqsədi daşıyır.
Qeyd etmək olar ki, Qubadlının yeni inkişaf dövrü – işğaldan azad olunduqdan sonra başlanmış bu mərhələ – Azərbaycan tarixində qürurverici bir səhifədir. Bu inkişaf, təkcə bir bölgənin deyil, ümumilikdə Azərbaycanın dirçəlişi və gələcəyə inamla baxmasının göstəricisidir.
Mətanət Cəfərova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi