AnalitikaGündəmSiyasət

Qanlı Yanvar: Azərbaycan xalqının azadlıq iradəsi qanla sınansa da sarsılmadı və müstəqillik yolunda daha da möhkəmləndi

20 Yanvar faciəsi Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən qanlı və eyni zamanda ən şərəfli tarix səhifələrindən biridir. Bu faciə təkcə 1990-cı ilin yanvarında baş verən hadisə deyil, illərlə yığılıb qalan siyasi ədalətsizliyin, milli ayrı-seçkiliyin və imperiya təfəkkürünün qanlı nəticəsi idi. 20 Yanvar hadisələrinə aparan yol 1987-ci ildən etibarən azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından növbəti kütləvi deportasiyası və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri ilə başlanmışdı. Həmin dövrdə Sovet İttifaqında gedən siyasi proseslər, “yenidənqurma” və “aşkarlıq” şüarları altında mərkəzi hakimiyyətin zəifləməsi millətlərarası münasibətlərdə gərginliyi daha da artırdı. Ermənistanın açıq ərazi iddiaları, azərbaycanlılara qarşı zorakılıqlar və deportasiyalar baş verərkən Sovet rəhbərliyi ya susur, ya da birtərəfli mövqe nümayiş etdirirdi.

Minlərlə azərbaycanlı öz ata-baba yurdlarından didərgin salındı, onların hüquqları kobud şəkildə pozuldu. Bütün bunlar Azərbaycan cəmiyyətində haqlı narazılıq və etiraz dalğası yaratdı. 1988–1989-cu illərdə Bakıda və respublikanın digər şəhərlərində keçirilən kütləvi mitinqlər xalqın azadlıq, ədalət və suverenlik tələblərinin ifadəsi idi. Azərbaycan xalqı Sovet imperiyasının tərkibində milli hüquqlarının tapdalanmasına, Qarabağ məsələsində ədalətsiz mövqeyə qarşı etiraz edirdi. Lakin mərkəzi hakimiyyət yaranmış vəziyyəti siyasi dialoq və hüquqi yollarla nizamlamaq əvəzinə, güc tətbiq etmək yolunu seçdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun ağır hərbi texnikası Bakıya yeridildi. Fövqəladə vəziyyət elan olunmadan dinc əhaliyə qarşı görünməmiş qəddarlıq nümayiş etdirildi. Tanklar və zirehli maşınlar küçələrdə insanları əzdi, atəş açıldı, qadınlar, uşaqlar, yaşlılar qətlə yetirildi. Rəsmi məlumatlara görə, 130-dan çox insan şəhid oldu, yüzlərlə insan yaralandı.

Bu, beynəlxalq hüququn və insan haqlarının açıq-aşkar pozulması idi. Qanlı Yanvar qırğını Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayət kimi tarixə düşdü. Bu hadisə imperiyanın öz vətəndaşlarına qarşı necə amansız davrana bildiyini bütün dünyaya göstərdi. Eyni zamanda, 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini qıra bilmədi. Əksinə, bu qanlı hadisə milli azadlıq hərəkatını daha da gücləndirdi, müstəqillik ideyasını dönməz etdi.

Ulu Öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində etdiyi tarixi çıxış 20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət oldu. O, Sovet rəhbərliyini kəskin tənqid edərək bu faciənin günahkarlarının cəzalandırılmasını tələb etdi. Müstəqillik əldə edildikdən sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi, şəhidlərin xatirəsi əbədiləşdirildi. Bu gün, 20 Yanvar faciəsinin 36-cı ildönümündə Azərbaycan xalqı şəhidlərini dərin ehtiramla yad edir. Qanlı Yanvar şəhidləri azadlıq və müstəqillik uğrunda canlarını fəda edərək tarixə qızıl hərflərlə yazıldılar. Onların göstərdiyi qəhrəmanlıq müasir müstəqil Azərbaycanın təməlində dayanır. 20 Yanvar həm faciə, həm də milli qürur günüdür – xalqın sarsılmadığını, əksinə, azadlıq yolunda daha da möhkəmləndiyini sübut edən unudulmaz tarix dərsidir.

İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button