AnalitikaGündəmSiyasət

“Prezident İlham Əliyevin UzA-ya müsahibəsi Azərbaycan ilə Özbəkistan arasında qardaşlıq və etimadın daha da möhkəmləndiyini sübut edir.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin mövcud səviyyəsini nümayiş etdirməklə yanaşı, gələcək əməkdaşlığın konturlarını da dəqiq şəkildə ortaya qoyur. Bu müsahibə regional əməkdaşlığın dərinləşməsi, siyasi dialoqun inkişafı və strateji tərəfdaşlığın geniş spektrdə gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev ilk növbədə Azərbaycan ilə Özbəkistan arasında münasibətləri “qardaşlıq və dostluq” prinsiplərinə əsaslanan xüsusi əlaqələr kimi dəyərləndirdi. Onun sözlərinə görə, xalqlarımızın ortaq tarixi, mədəni və mənəvi bağlılığı bu münasibətlərin təməlini təşkil edir. Müsahibədə Azərbaycan və Özbəkistan liderləri arasında səmimi münasibətlərin, qarşılıqlı etimadın və siyasi iradənin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı xüsusi olaraq qeyd olundu. Dövlət başçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə dostluq münasibətlərinin iki ölkə arasındakı bütün sahələrdə əməkdaşlığa müsbət təsir etdiyini vurğuladı.
Müsahibənin ən diqqətçəkən məqamlarından biri regional əməkdaşlıq və Mərkəzi Asiya ilə inteqrasiya məsələləri oldu. Prezident İlham Əliyev Azərbaycan üçün bu istiqamətin strateji prioritet qaldığını, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə üçüncü dəfə iştirakının isə bu münasibətdə Azərbaycanın artan rolunu göstərdiyini bildirdi. O, Azərbaycanın region ölkələri ilə iqtisadi, siyasi və nəqliyyat sahələrində genişlənən əməkdaşlığının qarşılıqlı maraqlara əsaslandığını qeyd etdi.

Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri də müsahibədə geniş yer aldı. Prezident məlumat verdi ki, son illərdə ticarət dövriyyəsində ciddi artım müşahidə olunur, investisiya əməkdaşlığı isə dinamik inkişaf edir. Özbəkistanın Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən kommersiya qurumlarının sayı 120-ni keçib. Eyni zamanda, iki ölkə arasında yaradılan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti sənaye, kənd təsərrüfatı, energetika və xidmət sahələrində birgə layihələrin icrasını daha da sürətləndirəcək.
Müsahibədə nəqliyyat-logistika əməkdaşlığı da xüsusi vurğulandı. Prezident İlham Əliyev Orta Dəhliz adlanan beynəlxalq nəqliyyat marşrutunun həm Azərbaycan, həm də Özbəkistan üçün strateji əhəmiyyətini qeyd etdi. Xəzər dənizinin tərəfləri birləşdirən təbii körpü rolunu oynadığını bildirən dövlət başçısı Azərbaycan limanlarının, dəmir yollarının və logistika infrastrukturunun modernləşdirilməsi prosesinin region üzrə tranzit imkanlarını genişləndirdiyini diqqətə çatdırdı.

Humanitar sahədə əməkdaşlıq da müsahibənin mühüm hissələrindən birini təşkil edirdi. Prezident İlham Əliyev Özbəkistanın Qarabağın bərpasında göstərdiyi dəstəyi yüksək qiymətləndirdi. Xüsusilə Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy adına məktəb iki ölkə arasındakı qardaşlığın və həmrəyliyin parlaq nümunəsi kimi dəyərləndirildi. Bununla yanaşı, mədəniyyət, idman, təhsil, media və QHT-lər arasında əməkdaşlığın inkişafı da xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran element kimi qeyd edildi. Şuşa-Xivə, Mingəçevir-Namanqan və digər qardaşlaşmış şəhərlər modeli humanitar əlaqələrin dayanıqlı əsaslar üzərində qurulduğunu göstərir

Prezident İlham Əliyevin UzA-ya müsahibəsi həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın perspektivlərini də əhatə edirdi. O, türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasının güclənməsinin vacibliyini vurğuladı və Azərbaycan-Özbəkistan əməkdaşlığını türk birliyinin möhkəmlənməsinə töhfə kimi dəyərləndirdi. Prezident İlham Əliyevin UzA-ya müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin nə qədər geniş və strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Müsahibə göstərdi ki, hər iki ölkə arasında qardaşlıq münasibətləri artıq siyasi bəyanatlarla məhdudlaşmır, konkret layihələr, iqtisadi təşəbbüslər, humanitar əməkdaşlıq və ortaq strateji məqsədlər üzərində qurulmuş real tərəfdaşlığa çevrilib. Bu tərəfdaşlıq həm regionda sabitlik və inkişafın təmin olunması, həm də türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Orxan Abdullazadə
Yeni Azərbaycan Partiyası, Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button